23 İyun 2017
Mətni dəyiş
Səudiyyə Ərəbistanı başda olmaqla, dörd ərəb ölkəsi Qətərin boykotuna son qoymaqdan ötrü tələblər siyahısı irəli sürüblər. Onlar Dohadan tələb edirlər ki, "Al-Jazeera" televiziya şəbəkəsini bağlasın və İranla əlaqələrini kəssin.
Tələbləri Qətərə iyunun 22-də Küveyt çatdırıb.
"The Associated Press" agentliyinin məlumatına görə, bu siyahı 13 bənddən ibarətdir. Qətərdən həmçinin tələb olunur ki, "Müsəlman Qardaşlığı", "Hizbullah", "əl-Qaidə" və "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmalarıyla münasibətlərini dayandırsın.
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bu ay Dohayla əlaqələri kəsib, bunun Qətərin terrorçuluğu maliyyələşdirməsiylə bağlı olduğunu bildirib.
İndi bu ölkələr Qətərə tələblərini yerinə yetirməyə 10 gün vaxt qoyurlar.
Dohadan tələb olunur ki, İranda bütün diplomatik postlarını bağlasın, İran İnqilab Keşikçiləri Qvardiyasının bütün üzvlərini ölkədən çıxarsın, İranla yalnız ABŞ sanksiyaları çərçivəsində ticarət aparsın.
Dohadan Türkiyə hərbi bazasını bağlamaq da tələb olunur.
Qətər hələlik bu tələblərə reaksiya verməyib.