2 İyun 2017
Mətni dəyiş
Azərbaycan hakimiyyətinə təzyiqlər artacaq. Bunun səbəblərindən biri AXCP sədrinin müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının həbsidir.
Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu "Amerikanın səsi"nə müsahibəsində bildirib.
AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə münasibətiniz necədir?
Gözəl Bayramlını çoxdan tanıyıram. Biz bir yerdə bu dövlətin qurucularındanıq. Yəni, Gözəl Bayramlı ilə bir yerdə Xalq Cəbhəsində olmuşuq. Bu gün Gözəl Bayramlının tutulması heç də Azərbaycana başucalığı gətirməyəcək. Çünki bu günləri bunlar görüblər. Qadın həbs olunanda bütün dünya onun müdafiəsinə qalxır. Necə ki Leylanın (hüquq müdafiəçisi Leyla Yunus-red), Xədicənin (jurnalist Xədicə İsmayıl-red) həbsindən sonra belə oldu. Yəni, məcbur olub, sonra da həbsdən buraxdılar. Gözəl Bayramlı heç bir qəbahət iş görməyib. Onun tutulmasına heç bir əsas yoxdur. Bu günlərdə prezidentin sərəncamı var. O sərəncamla bu xırda məsələlər gərək yerində həll olunsun. Gözəl Bayramlını artıq pul götürdüyü üçün prezidentin həmin sərəncamı ilə sadəcə cərimə edə bilərdilər. Deməli, bəzi məmurlar prezidentin sərəncamına da fikir vermirlər. Mənim dediyim budur.
Son illər qadın fəalların həbsi çoxalıb. Leyla Yunus, araşdırmaçı jurnalist Xədicə İsmayıl və Gözəl Bayramlı. Sizcə, bunun səbəbi nədir?
Səbəblər ayrı-ayrı müstəvidədir. Leyla xanım ayrı məsələ üstündə tutulub, Xədicə ayrı məsələ üstündə tutulub. Gözəlin tutulması absurddur. Allah bilir, mən nə qədər Leyla və Xədicə üçün, onların buraxılması üçün mübarizə aparmışam. Sağ olsunlar beynəlxalq təşkilatlar, çox təzyiq göstərdilər. Amma yenə də axır sözü hökumət dedi. Biz həm Leylanın, həm də Xədicənin barəsində hökumətlə danışıqlara getmişik. Bu günlərdə də Gözəl Bayramlının barəsində birinci vitse- prezident, birinci xanım Mehriban Əliyevaya məktub yazmışıq. Çalışırıq görüş alaq, çalışırıq ki, bu işlə məşğul olan strukturlarla görüşək ki, Gözəl Bayramlını həbsdən azad etsinlər. Yenə də deyirəm, Gözəl Bayramlının həbsi Azərbaycana başucalığı gətirmir. Azərbaycanda insan haqlarının vəziyyəti elədir ki, bunu hamı bizə irad tutur. Yenidən Azərbaycana "siyasi məhbus" lazım deyil. Ona görə də dövlət strukturlarından Gözəl Bayramlının tezliklə həbsdən buraxılmasını xahiş edirik.
Əvvəllər hüquq- müdafiə təşkilatları həbslərdən sonra bəyanatlar verərdi, ictimai müdafiə komitələri təşkil edərdi, hökumətə, beynəlxalq ictimaiyyətə müraciətlər qəbul edərdi. Son illər bu təcrübə də sanki ortadan qalxıb. Bunun səbəbləri nədir?
Sizə deyim ki, çoxlu hüquq- müdafiə komitələri yaranıb. Bunlar biz qocalara olmayan çirkab atdılar, olmayan sözlər dedilər. Biz gedirdik həbsxanaların, polis idarələrinin qabağına. Biz bunu edirdik. Bizim haqqımızda o qədər söz dedilər, biz də dedik ki, cavanlar gəliblər, qoy, çalışsınlar, fəal işləsinlər, özlərini fəal göstərsinlər. Bax, bunun səbəbi budur. Biz pulsuz işləyirdik. Bizim monitorinq qrupu, bizim vaxtımızda olan insan haqları komitələri pul almırdılar. Heç biri hüquq -müdafiə işinə görə bir manat da pul (söhbət qrantlardan gedir-red) almırdı. Amma indi pulla işləyənlər, qoy, komitə yaratsınlar. Biz öz işimizi görürük. Biz siyasi məhbusların arxasınca gedirik, səssiz-səmirsiz məktub da yazırıq, bəyanat da veririk, qəzetdə də çıxış edirik, öz sözümüzü deyirik, səfirliklərə də gedirik. Amma özümüz edirik, öz işimizi, sadəcə, səssiz edirik. Amma o pul alanlar, qoy, komitə düzəltsinlər, komitə yaratsınlar. Onlar bizim işimizdən narazı idilər. İndi biz buraxmışıq işləri onların öhdəsinə, qoy, onlar etsinlər.
Ölkədə insan hüquqlarının hazırki durumunu necə qiymətləndirirsiniz? Jurnalist Əfqan Muxtarlı da həbs edildi. Tendensiya necədir?
Mən hesab edirəm ki, bu, vəhşilikdir. Mən yenə də deyirəm, prezidentin sərəncamına laqeyd olan məmurların işidir. Yəni, prezident sərəncam verib. Həbs etdiniz edin, nəyin üstündə, nə üçün? Bu insanı tutmaqla nə ittiham deyəcəksiniz? Bunun səbəbi hesab edirəm ki, dövlətdə olan hərc-mərcilikdir. Əfqan elə bir böyük fiqur deyil, elə bir böyük jurnalist deyil ki bu cür onu tutub gətiriblər Azərbaycana. Bu, Azərbaycana ləkə gətirən bir hərəkətdir.
Hazırda insan hüquqlarının vəziyyəti necədir?
İnsan haqları indi daha kəskindir. Yəni, mən hələ siyasi məhbusları demirəm. Bizə gələn ərizələrdən deyirəm. Məsələn, qadın haqlarından danışım. Bizə hər ay qadınların haqlarının pozulması (hökumət tərəfindən, məhkəmə tərəfindən) ilə bağlı 6-7 ərizə daxil olur. Şikayət veririk və məhkəmədə qarşı tərəfi uduruq. Amma nə əzabla bu, başa gəlir? Çünki qanunlarda boşluqlar var. Azərbaycanda insan haqları doğrudan da indi biz istədiyimiz vəziyyətdə deyil. Bundan qabaq daha çox insanın həbsdən buraxılmasına nail ola bilirdik, daha çox insanlarla görüşə, danışa (söhbət həbs yerlərindən gedir-red) bilirdik. Bir çox hallarda insanların məhkəməyə düşməməsinə nail olurduq. Digər instansiyalarla işi həll edib, insanı məhkəməyədək həbsdən buraxdırırdıq. İndi bizim üçün çətindir.
Çıxış yolunu nədə görürsünüz?
Çıxış yolumuz odur ki, insan haqları ilə bağlı bütün məsələləri öz daxilimizdə həll etməliyik. Yəni, Azərbaycanda. Sözsüz, beynəlxalq təşkilatlar lazımdır. Beynəlxalq təşkilatların söz deməsi vacibdir. Amma axır söz Azərbaycanındır. Yəni, bütün məsələləri ancaq Azərbaycanda həll etməliyik, Azərbaycanda dialoqa getməliyik, danışmalıyıq, Azərbaycanda bu məsələləri həll etməliyik. Başa düşmək lazımdır ki, insanları nə qədər çox əzəcəksinizsə, o qədər çox Azərbaycana təzyiqlər olacaq. Bu məsələləri özümüz həll etməliyik, Azərbaycan naminə.