M.Əliyev: "Hakimiyyət tərəfindən jurnalistlərə verilən evlər rüşvətdir"
4 İyun 2017
Mətni dəyiş
Rövşən Hacıbəyli: "Dövlətin jurnalistə ev verməyi anormal bir şeydir"
"Dövlət jurnalistə şərait yaratmalıdır, onu nələrsə hədiyyə edib şirnikləndirməməlidir"
Bu sözləri Abzas.net-ə açıqlamasında dövlət tərəfindən jurnalistlərə ev verilməsi məsələsinə münasibət bildirərən jurnalist Rövşən Hacıbəyli deyib.
Rövşən Hacıbəyli deyir ki, əgər jurnalistlərə ev veriləcəksə, onlar artıq müstəqilliklərin itirəcəklər.
"Hələ bu məsələ ilk dəfə gündəmə gələndə mən münasibət bildirmişdim ki, dövlətin jurnalistə ev verməsi anormal bir şeydir. Ev alan jurnalist nəyinki hakimiyyətin, heç KİVDF-nin də əlehinə nəsə yazmaz. Bu biabırçı bir şeydir" - deyə R.Hacıbəyli bildirib.
Jurnalistin fikrincə, müəllimlərə, həkimlərə və sairə peşə sahiblərinə ev verilə bilər, amma jurnalistika tamam başqa sahədir.
"Ev alan jurnalist nəsə tənqidi yazı yazmaq istəsə evindən keçə bilməyəcək. Ona görə bu düzgün addım deyil. Dövlət qəzetləri bağlamamalıdır, saytları bağlamamalıdır, jurnalistləri həbs etməməlidir, onlara şərait yaratmalıdır ki, peşə fəaliyyətlərini həyata keçirsinlər. Ancaq jurnalistlərə ev vermək düzgün deyil" - deyə Jurnalist Rövşən Hacıbəyli bildirib.
"Hakimiyyət tərəfindən jurnalistlərə verilən evlər rüşvətdir"
Bu sözləri isə məsələyə münasibət bildirən Mehman Əliyev deyib. O, deyir ki, Azərbaycan peşə əxlaqı kodeksinin 4-cü prinsipi bu cür halları tam qadağan edir.
"Bu cür şirnikləndirmələr ancaq bizim kimi totalitar ölkələrdə olur. Hardaki hökumət mətbuatı ələ almaq istəyir, bax bu tipli ölkələrdə bu addımlar atılıb. Bu, sovet dövrünün praktikasıdır. Yazıçılar üçün ev tikmək, jurnalistlər üçün ev tikmək və s" - deyə jurnalist M.Əliyev bildirib.
Mehman Əliyev deyir ki, gör Azərbaycan jurnalistin elə bir hala salıblar ki, özünə ev ala bilmir.
"Baxın, burda sual yaranır: niyə ingilis, alman, fransız və s. jurnalistlər özünə ev ala bilirlər, amma azərbaycanlı jurnalistlər ala bilmir? Bu problem süni yaradılır. Onları evə möhtac edib sonda öz şərtləri ilə ev verib çətirləri altına alırlar" - deyə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.