6 İyun 2017
Mətni dəyiş
Britaniyanın 130-a yaxın imamı və ruhani xadimi London Bridge terror aktını törədənlərin yasında iştirak edib cənazə namazı qılmaqdan imtina ediblər.
Onlar deyiblər ki, bu adamlar üçün, kimliyindən asılı olmayaraq hər bir müsəlmanın haqqı olan yas ayinlərini icra etməyəcəklər.
Onların sosial mediada dərc olunmuş bəyanatında deyilir ki, İslamın prinsiplərində yer alan bir sıra etik məqamlara görə terror aktını törətmiş adamların yasında ənənəvi ayinləri icra etməkdən imtina edirlər.
Onlar ölkənin başqa imamlarını da belə etməyə çağırıblar.
Bəyanatda deyilir ki, haqq qazandırılması mümkün olmayan hərəkətlər İslamın mərhəmətli təlimlərinə ziddir.
Britaniyada bütün dinlərdən olan ruhani liderlər 7 nəfərin həyatına son qoymuş və daha 47 nəfəri yaralamış terror aktını qətiyyətlə pisləyiblər.
Londonun şərqindəki məsciddə çıxış edən ruhanilər deyiblər ki, onlar dinin hökmlərini saxtalaşdıranlarla bütün vasitələrlə mübarizə aparacaqlar.
"Biz bir daha bizi bölməyə çalışanlara qarşı birlikdə çıxış edirik, - deyib Şərqi London məscidinin və London Müsəlman Mərkəzinin rəhbəri Məhəmməd Həbib ür-Rəhman, - Şənbə axşamı Londonda günahsız insanların soyuqqanlı qətli bizləri bir-birimizdən ayıra bilməz".
"Mən bütün terror törədənlərə üz tutub deyirəm: Siz İslamın və peyğəmbərimiz Məhəmməd əleyhissəlamın təlimlərinə qarşısınız, - deyib imam, - Biz sizdən və sizin İslamı saxtalaşdırmağınızdan kənarda dayanırıq".
Bundan əvvəl verdiyi bəyanatda baş nazir Theresa May terrorçuların "həqiqi İslamı təhrif etdiklərini" demişdi.
Baş nazir bunu da əlavə etmişdi ki, Britaniyada yaşayan, lakin cəmiyyətə inteqrasiya olunmaq istəməyən müsəlman icmaları barədə "ciddi söhbətlər" olacaq. Xanım May bundan başqa təfərrüat verməyib.
Polis indiyədək terror basqınçılarından ikisinin adını Xuram Şazad Butt və Rəşid Reduan (Rizvan) olaraq açıqlayıb.