İŞİD-in gəlirləri 80 faiz azalıb

İŞİD-in gəlirləri 80 faiz azalıb
30 İyun 2017
Mətni dəyiş
İraq ordusunun sözçüsü «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının elan etdiyi xilafətin sonunun çatdığını bildirib. «Foreign Policy» dərgisi yazır ki, qruplaşmanın gəlirlərinin azalması da bu fikrin düz olduğunu göstərir.
İyunun 29-da açıqlanmış hesabat 2015-ci ildən bəri qruplaşmanın gəlirlərinin 80 faizini, tutduğu ərazilərin isə 2/3-sini itirdiyini ortaya qoyub.
Hesabatı Londonda mənzillənən «IHS Markit» informasiya və analitika qrupu hazırlayıb. Sənədə görə, İŞİD-in 2015-ci ilin ikinci rübündə orta aylıq gəliri 81 milyon dollar, bu ilin ikinci rübündə isə 16 milyon dollar olub. Bu, 80 faizlik düşüş deməkdir.
ƏRAZİ İTKİSİ ƏSAS FAKTORDUR
Qruplaşmanın gəlir mənbələrinin hamısında azalma var: nəzarətində olan ərazilərdə vergi yığımı, malların müsadirəsi, neft qaçaqçılığı və hasilatı, antik malların qanunsuz ticarəti bu sıradadır. Aylıq neft gəlirləri 88 faiz azalıb, vergi yığımı və müsadirədən gəlirlər 79 faiz düşüb.
«İŞİD-in gəlirinin azalmasına təsir göstərən əsas faktor ərazi itkisidir. İraqın sıx məskunlaşmış Mosul şəhərinə nəzarətin itməsi, Suriyanın neftlə zəngin Raqqa və Homs vilayətlərindən sıxışdırılma qrupun gəlirlərinə ciddi təsir göstərib», – «IHS Markit»in Yaxın Şərq üzrə aparıcı təhlilçisi Ludovico Carlino deyib.
Hakimiyyətə gələndə İŞİD maliyyə nəhənginə çevrilmişdi. «Thomson Reuters» Fondunun 2014-cü ildə açıqladığı araşdırmaya görə, terrorçu qruplaşmanın nəzarətində 2 trilyon dollarlıq sərvət vardı, illik gəliri 2.9 milyard dollar idi.
Pulun böyük hissəsi vergidən gəlirdi. Məsələn, İraqa İordaniya və Suriyadan daxil olan yük maşınlarından 800 dollar alınırdı. Sosial rifah və maaşlara görə 5 faizlik vergi tutulurdu, İraqın şimalında sürücülərdən 200 dollar yol vergisi tutulurdu. Raqqadakı arxeoloji sahələrin qarətinə görə 50 faizlik, Hələbdə oxşar fəaliyyətə görə 20 faizlik vergi qoyulmuşdu. İraqın BMT-dəki səfiri Mohamed Ali Alhakimdeyirdi ki, İŞİD artifaktların qanunsuz ticarətindən ildə 100 milyon dollar qazanır.
XƏBƏRDARLIQ
Bundan başqa, zibil yığımı, mazut və elektrik generatorlarına da vergi qoyulubmuş. Bunlardan aya 30 milyon dollar qazanılırdı. 2015-ci ildə «The New York Times»ın açıqladığı hesabatda bir il öncə vergidən və zorla pul alınmasından 600 milyon dollar əldə olunduğu vurğulanırdı.
«Gəlirin və ərazinin itirilməsi qruplaşmanın idarəçilik layihəsinin iflasa uğradığını göstərir», – «IHS Markit»in Yaxın Şərq üzrə aparıcı təhlilçisi Columb Strack deyib.
Ancaq HIS İŞİD-in gücünü hələ də saxlaması barədə xəbərdarlıq edib. Qurum bildirir ki, Suriya və İraqda ərazinin itirilməsi qruplaşmanın xaricdə, Avropada hücumlar təşkil edəcəyi ehtimalını irəli sürməyə əsas verir. Xəbərdarlıqda deyilir ki, Qərbdə qruplaşmaya təzyiqlər Suriya və İraqdan kənarda zorakılığın artmasıyla sonuclana bilər.
«İslamçı qrupların çöküşündən öncə terror risklərinin artması mümkündür», – «IHS Markit»in Yaxın Şərq üzrə aparıcı təhlilçisi Firas Modad söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun