12 İyun 2017
Mətni dəyiş
İran regional blokadaya görə ərzaq çatışmazlığından əziyyət çəkən Qətərə yeyinti məhsulları ilə dolu 5 təyyarə göndərib.
Keçən həftə İranın regional rəqibi Səudiyyə Ərəbistanı daxil olmaqla bir çox ölkə Qətəri terroru maliyyələşdirməkdə ittiham edərək ölkə ilə əlaqələrini kəsiblər.
Qətər ərzağın 40 faizini Səudiyyə Ərəbistanla quru sərhədindən alır. Lakin Səudiyyə Ərəbistanı artıq sərhədi bağlayıb.
Eyni zamanda Qətər və qonşuları arasında vasitəçi olan Küveyt Qətərin digər ölkələrin narahatlıqlarını dinləməyə hazır olduğunu deyib.
İran Air aviaşirkətinin sözçüsü Şahrox Nuşəbədi AFP xəbər agentliyinə bazar günü bildirib ki, "İndiyədək Qətərə meyvə və tərəvəz kimi qida mallarını daşıyan 5 təyyarə göndərilib. Hər təyyarə təxminən 90 ton mal daşıyıb və bu gün başqa bir təyyarə də göndəriləcək".
Ərzağın sadəcə ticarətlə əldə edildiyi və ya yardım kimi göndərildiyi hələ ki, bilinmir.
Cənab Nuşəbədi qida mallarının göndərilməsinin "nə qədər ki, tələb var" davam edəcəyini deyib.
Təsnim xəbər agentliyin həmçinin 350 ton qida malları daşıyan gəmilərin tezliklə İrandan Qətərə ərzaq daşıyacağını bildirib.
Digər körfəz ölkələri Qətərə hava məkanlarını bağladıqdan sonra, İran blokada edilən ölkəyə öz hava məkanını açıb.
Siyasi ekspertlər bu addımların Qətərin şiə İranla müsbət əlaqələrinin Səudiyyə Ərəbistanla yaratdığı gərginliyi daha da alovlandırcağını deyirlər.
Vasitəçi olaraq Küveyt əmiri keçən həftə Səudiyyə Ərəbistanına gedib.
Küveytin xarici işlər naziri Şeyx Sabah əl-Xalid Qətərin "təhlükəsizlik və sabitliyi gücləndirmək" üçün "qardaşlarının narahatlıqlarının reallığını anlamağa" hazır olduğunu deyib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş tvitində yazıb: "Bu hikmətin və məntiqli düşüncənin başlanğıcıdır? Mən buna ümid edirəm."
Eyni zamanda Qətər ona qarşı tətbiq edilən blokada tədbirlərini Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynə qarşı cavab olaraq tətbiq etməyəcəyini bildirib.
Hazırda Qətərdə bu üç ölkənin 11 min vətəndaşı var.