İran 'Həmas'a yenə pul ayıracaq

İran 'Həmas'a yenə pul ayıracaq
1 İyun 2017
Mətni dəyiş
İranın Fələstinin "Həmas" yaraqlı qruplaşmasına maliyyə yardımını bərpa edəcəyi gözlənir. İkitərəfli münasibətlər "Həmas" Suriya prezidenti Bashar al-Assad rejiminə dəstəkdən imtina etdiyindən dondurulmuşdu. Üstəlik, qruplaşma İranın regional düşməni Səudiyyə Ərəbistanıyla qarşıdurmasında Tehran rejiminin tərəfini tutmaqdan imtina edirdi.
"Newsweek" yazır ki, görünür, İran bu tələblərindən geri çəkilir. Son həftələr əlaqələr istiləşməkdədir. Mayın 6-da Ismail Haniyeh "Həmas"ın yeni siyasi lideri seçilib. Əvvəl qruplaşmanın lider müavini Moussa Abu Marzouk idi və Tehranın onunla işləmək istəmədiyi bildirilirdi.
HƏR ÜÇÜNÜ BİRLƏŞDİRƏN MÖVQE
Son iki həftədə "Həmas"ın aparıcı üzvləri İranın İnqilab Keşikçiləri Qvardiyasının rəsmiləri, eləcə də Livandakı "Hizbullah" şiə silahlı qruplaşmasıyla görüşlər keçirib. Bunu Fələstindən mənbələr Londonda çıxan ərəbdilli "Asharq al-Awsat" qəzetinə deyiblər.
"Həmas", "Hizbullah" və İran rejimi İsraili əsas düşmən sayır. "Hizbullah" 2006-cı ildə İsraillə müharibə edib. "Həmas" isə 2008-ci ildən Qəzza zolağında İsraillə üç münaqişə aparıb. İranın mühafizəkar dini rəhbərləri isə İsrailin dağıdılmasına çağırır.
[caption id="" align="alignnone" width="650"]Ismail Haniyeh Ismail Haniyeh[/caption]
Ancaq 2011-ci ildə başlanmış Suriya münaqişəsi İranla "Həmas" arasında soyuqluq yaradıb. Belə ki, "Həmas" şiə ələvi təriqətinin üzvlərindən ibarət Assad rejimini dəstəkləməkdən imtina edib. "Həmas" əvəzində Assad-la vuruşan, Səudiyyənin dəstəklədiyi sünni yaraqlıları dəstəkləyib. İranla "Hizbullah" islamın şiə, "Həmas" isə sünni qanadına sitayiş edir.
HANIYEH TEHRANA GEDİR
Məlumatlara görə, I.Haniyeh tezliklə Tehrana gedərək rejim üzvləri ilə görüşəcək və zədələnmiş münasibətləri bərpa etməyə çalışacaq.
Bu ayın əvvəlində ABŞ prezidenti Donald Trump Səudiyyənin paytaxtı Ər-Riyadda sünni liderləri qarşısında çıxış edib və İranı Yaxın Şərqə terrorçuluğun əsas ixracatçısı adlandırıb. İran "Hizbullah"la yanaşı, Yəməndəki şiə husi yaraqlılarını da maliyyələşdirir. Husilər Səudiyyə koalisiyasının dəstəklədiyi hökumətyönlü qüvvələrlə savaşır.
İranın xarici işlər naziri Mohammad Javad Zarif isə Twitter-də Trump-a cavab verib, onun Səudiyyə hökumətiylə milyardlarla dollarlıq silah sazişləri imzaladığını, onu "sağdığını", insan haqları pozuntularını, demokratiyanın yoxluğunu gözardı etdiyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun