İki Almaniyanı birləşdirən kişi 87 yaşında vəfat edib
17 İyun 2017
Mətni dəyiş
Almaniyanın keçmiş kansleri, ölkəsinin tarixi birləşməsinə rəhbərlik etmiş Helmut Kohl 87 yaşında vəfat edib.
Kohl 1982-1990-cı illərdə Qərbi Almaniyanın, 1998-ci ilədək isə birləşmiş Almaniyanın kansleri olub. O Otto von Bismarck-dan sonra ən uzun müddətdə kansler olmuş şəxsdir.
Kohl NATO-nun Şərqi Almaniyada qoşun və silahlar yerləşdirəcəyinə dair Sovet lideri Qorbaçovun şübhələrinə üstün gəlib və vahid Almaniyanın silahlı qüvvələrinin sayını azaltmağa razı olub. O habelə Sovet iqtisadiyyatının islahatlarına geniş miqyasda maliyyə yardımı yönəldib.
Kohl Avropa inteqrasiyasının qızğın təbliğatçısı və postkommunist dövlətlərin həm Avropa İttifaqına, həm də NATO-ya üzvlüyünə tərəfdar idi. Dostu, Fransa prezidenti Francois Mitterrand-la birlikdəKohl Avropa İttifaqının Birləşmiş Ştatlarla bərabərhüquqlu partnyor olmasına çalışırdı.
Lakin onun qəti inamı bu idi ki, Almaniya tarixində onun adı vətənini birləşdirmiş şəxs kimi daim yaşayacaq.
Alman avropalılar və avropalı almanlar
1989-cu ildə Berlin divarı uçduqdan sonra Avropa liderləri iki Almaniyanın federativ dövlət formasında birləşdirilməsini təklif edirdilər.
Kohl isə əsl birləşmə üçün ələ düşmüş fürsəti fövtə vermək fikrində deyildi. Moskva və qonşu Avropa ölkələri ilə aylarla davam edən danışıqlardan sonra, 1990-cı il oktyabrın 3-də birləşmə nəhayət baş tutmuşdu.
Berlin divarının uçmasının 10-ci ildönümündə Kohl bu birləşməyə görə həm Qorbaçova, həm də Avropa liderlərinə təşəkkürünü bildirmişdi.
Birləşməyə ən böyük maneə ölkə xaricindəkilərin vahid Almaniyada millətçiliyin baş qaldıracağından narahatlığı idi.
Lakin Kohl bu şübhə və narahatlıqlara məharətlə üstün gələ bilmişdi. O millətçilik yox, vətənpərvərliyi alqışlayırdı.
O demişdi ki, Almaniya vahid dövlət kimi vətənpərvərliyini itirməyəcək və bir millət kimi milli kimliyindən üz çevriməyəcək.
O Thomas Mann-dan tarixi sitat gətirmişdi: “Biz alman avropalılarıq və avropalı almanlarıq”.
Qalmaqallar və məyusluqlar
Birləşmə bir çox problemlər yaratmışdı. Şərqi Almaniyanın sənayesi qərbin kapitalist iqtisadiyyatı ilə ayaqlaşa bilmirdi. Şərqi Almaniyada milyonlarla insan işini tirmişdi. Kohl hökuməti infrastrukturun yenidən qurulmasına milyardlarla dollar vəsait cəlb edə bilmişdi.
Bunun üçün Kohl birləşmənin vergi artımına səbəb olmayacağı barədə vədindən əl çəkməli olmuşdu. O Almaniyada “həmrəylik vergisi” deyilən vergi təsis etmişdi və buraya axan pullar Şərqi Almaniyanın dirçəlişinə xərclənirdi.
Buna baxmayaraq, 1998-ci ildə Kohl-un siyasi karyerası başa çatanda şərqi Almaniya yoxsul əyalət olaraq qalırdı. Burada işsizlik 17 faizə çatmışdı, halbuki qərbdə bu rəqəm 10 faiz idi.
O şərqi Almaniyanı cənnətə çevirməyi vəd etsə də, bunu bacarmamışdı və bu onun üçün böyük pərtlik və məyusluq yaradırdı.
Kohl 1998-ci ildə hakimiyyəti itirəndə Avropanın sayılan liderlərindən idi. Lakin bir il əvvəl öz seçki kampaniyası üçün gizli fonddan pul aldığı barədə iddialar onun reputasiyasına kölgə salmışdı.
Bundan sonra o özünün Xristian Demokratik İttifaqının (CDU) 25 illik fəxri sədri vəzifəsini itirmiş və mühakimədən yan keçmək üçün böyük cərimə ödəməli olmuşdu.
Katolik tərbiyəsi
Helmut Michael Kohl 1930-cu ilin 3 aprelində sənaye şəhəri Lüdviqşafendə dünyaya gəlmişdi. Onun atası dövlət qulluqçusu işləyirdi və ailə Roma katolıik kilsəsi icmasına daxil idi.
Kohl Heydelberq Universitetində tarix üzrə doktorluq müdafiə etmişdi.
Siyasətdən kənarda onun arvadı Hannelore-un evdə bişirdiyi xörəkləri xoşlayan sadə el adamı obrazı yaranmışdı. Onlar 1960-cı ildən evli idilər. Lakin Kohl, xanımı 2001-ci ildə intihar etdikdən sonra özünü ətraf aləmdən tamamilə təcrid etmişdi. Qadın nadir xəstəlikdən əzab çəkirdi. Bu xəstəlik adamları işığa həssas edir və onlar yarıqaranlıq mühitdə yaşamalı olurlar.
İkinci Dünya Müharibəsi Kohl-da belə bir qənaət yaratmışdı ki, Avropa vahid siyasət və vahid valyuta ətrafında birləşməlidir. Onun özü müharibə qurtaranda Berxtesqaden hərbi düşərgəsində idi və münaqişədə birbaşa iştirak etməmişdi. Lakin onun böyük qardaşı cəbhədə həlak olmuşdu və Lüdviqşafendəki evləri bombardmana düşmüşdü.
Onun siyasi karyeraslı 16 yaşında CDU-ya üzvlüklə başlanmışdı. Bu partiyanı müharibənin son günlərində katoliklər və protestantlar yaratmışdılar.
39 yaşında Kohl artıq Reynland-Pfalts ştatının baş naziri idi.
Kohl-un 1976-cı ildə ilk dəfə olaraq kansler seçilmək arzusu baş tutmamış və o sosial-demokrat Helmut Schmidt-ə uduzmuşdu. Lakin o 6 il sonra, 1982-ci ildə arzusuna çatmışdı.
Kohl sərt adam idi və partiya və hökumətini sərt şəkildə nəzarətdə saxlayırdı. Onun bir sözünü iki edənlərin əksəriyyəti öz siyasi karyeralarını bitmiş görürdülər. Lakin diğər tərəfdən həlim xasiyyəti çox vaxt onun siyasi kəsərini gizlədirdi və onun siyasi uzunömürlülüyünün də səbəbi elə bunda idi.