Gürcüstanda reperlərin həbsinə etiraz olaraq mitinq keçirilib [video]
14 İyun 2017
Mətni dəyiş
Birja Mafia rep duetinin səhnə adları Young Mic və Kay G olan 28 yaşlı Mishka Mgaloblishvili və 21 yaşlı Giorgi Keburia iyunun 6-da həbs ediliblər və polis onların üstündən narkotik maddə tapıldığını bidlirib.
AzadlıqRadiosunun müxbiri Alan Crosby yazır ki, Gürcüstanda iki reperin həbsinin ardınca polis və ölkənin “repressiv” narkotik qanunları ciddi tənqidlə üzləşib.
Bu qanunlara görə gənc reperləri üzünmüddətli həbsxana cəzası gözləyə bilər.
İyunun 9-da keçirilən ilk məhkəmə dinləməsində reperlər narkotikin onların üstünə polis tərəfindən qoyulduğunu bildiriblər. Onlar bunu da deyiblər ki, həbsləri az əvvəl buraxdıqları video ilə bağlıdır. Bu videoda polis zabiti it şəklində təsvir edilib. İndi onları 20 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Lakin Gürcüstanın İctimai Vəkillər Şurası polisin səlahiyyətini aşması və söz azadlığının boğulması iddiaları ilə araşdırmaya başlayıb.
Ötən həftəsonu Tbilisdə minlərlə adam nümayişə çıxaraq polisdə iddia olunan korrupsiyaya və ölkənin repressiv narkotik qanunlarına etiraz edib.
“Görək indi necə oxuyacaqsan…”
Georgia Today qəzeti iyunun 12-də yazıb ki, Birja Mafia cütlüyündən qisas alınıb.
Məqalədə deyilir ki, Mishka Mgaloblishvili son günlər evə gedərkən yol boyu ona sataşırdırlar.
AzadlıqRadiosu müxbiri yazır ki, Xəzər neft və qazının Avropaya nəqli üçün tranzit ölkə olan Gürcüstanın Qərb üçün böyük önəmi var.
Bu ölkə korrupsiya ilə mübarizə sahəsində əhəmiyyətli irəliləyişə nail olsa da, bu yaxınlarda Avropa Şurası Tbilisiyə rəsmilərin fəaliyyətinin şəffaflığının artırılmasını tövsiyə edib.
Reperlər videoya görə həbs olunduqlarına əmindirlər. Keburia bildirib ki, onu həbs edən polislər ona “görək indi necə oxuyacaqsan” deyiblər.
Mgaloblishvilinin arvadı Erica Copeland Netgazeti saytına deyib ki, video Adjaranet əyələncə saytı tərəfindən maliyyələşdirilib. Lakin internetə çıxdıqdan az sonra sayt reperlərdən videonu silməyi tələb edib.
"Onlar zəng edib Mishkaya dedilər ki, videonu pozsun, yoxsa bəzilərinin problemi ola bilər” – deyib Copeland.
Lakin sonradan sözü gedən səhnənin tutqunlaşdırılmış variantı yenidən sayta qoyulub.
İslahat çağırışları
Bu hadisəyə reaksiya verən baş nazir Giorgi Kvirikashvili iyunun 10-da deyib ki, ölkənin narkotiklərlə mübarizə siyasəti aşırı sərtdir və onun islah olunmasına ehtiyac var.
Gürcüstanda da bir çox başqa keçmiş sovet respublikalarında olduğu kimi narkotiklərlə bağlı maddələr çox az dəyişikliyə məruz qalıb.
Kvirikashvili parlamenti “daha mötədil, daha humanist və daha avropasayağı” qanun qəbul etməyə çağırıb.
Baş nazir həmçinin bildirib ki, Gürcüstanda heç kim söz azadlığına görə cəzalandırıla bilməz.