16 İyun 2017
Mətni dəyiş
Ankara məhkəməsi çevriliş cəhdi işi üzrə 23 hərbçini ömürlük həbs cəzasına məhkum edib.
"Anadolu” agentliyinin verdiyi xəbərə görə, hərbçilər çevriliş cəhdi zamanı ölkədəki konstitusiya quruluşunu dəyişməkdə, Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırqanı zorla saxlamaqda ittiham olunublar.
Onlar F.Kasırqanı zorla təcili yardım avtomobilinə mindirərək qiyamçıların qərargahının yerləşdiyi "Akıncı” aviabazasına aparıblar.
26 müttəhimdən 23-ü ömürlük həbs cəzasına məhkum edilib, iki nəfər bəraət qazanıb, prezident qvardiyasının komandanı polkovnik Muhsin Qüdsi Barış 12 il azadlıqdan məhrum olunub.
2016-ci il 15 iyulda Türkiyədə bir qrup hərbçi qiyam qaldırıb. İstanbul və Ankarada hücumlar təşkil edib, parlamenti, aeroportları tutmağa çalışıblar. Hadisələrdən sonra minlərlə insan həbs edilib, on minlərlə insan işdən çıxarılıb.
Çevrilişə cəhddən sonra Türkiyədə fövqəladə hal elan olunub. İndi qədər hələ də bu vəziyyət davam edir. Sonuncu dəfə aprel ayında Türkiyədə keçirilən referendumdan sonra hökumət fövqəladə halı daha 3 ay uzatmaq qərarı qəbul etdi.