Britaniyanın Baş naziri Theresa may paytaxt Londonda ən azı 47 nəfərin yaralanması və 7 nəfərin ölümü ilə nəticələnən terror aktını qınayaraq "artıq bəsdir deməyin vaxtıdır" bəyan edib.
Yerli vaxta şənbə günü saat 22:00-da ağ yük maşını London körpüsündə piyada gəzənləri vurduqdan sonra, avtomobildən 3 kişi enərək yaxınlıqda yerləşən Borough Market-də (Borough bazarı) insanları bıçaqlamağa başlayıblar.
Saxta partlayıcı jilet geyinmiş 3 hücumçu polis tərəfindən güllələnərək öldürülüb.
Xanım May Britaniyanın terrorla mübarizə strategiyasının bir daha nəzərdən keçiriləcəyini bildirib.
Siyasi partiyaların əksəriyyəti seçki kampaniyalarını müvəqqəti olaraq dondurublar.
Lakin Theresa May iyunun 8-nə təyin edilmiş seçkinin planlaşdırılığı kimi keçiriləcəyini və seçki kampaniyalarının bazar ertəsi günü bərpa ediləcəyini deyib.
Hücumun şahidləri London körpüsü ilə sürətlə sürülən ağ rəngli yük maşının piyada gəzən insanları vurduqdan sonra Barrowboy and Banker adlı pubın yanında dayandığını deyiblər.
Hadisənin şahidi və BBC müxbiri Holly Jones avtomobilin "yəgin ki, saatda 50 mil (80 kilometr) sürətlə hərəkət" etdiyini və "5-6 nəfəri" vurğunu deyib.
Avtomobildən enən 3 kişi yaxınlıqda yerləşən və çox sayda restoran və barlarla əhatə olan Borough bazarında olan insanlara hücum ediblər.
Gerard adlı şahid bir qadının 10-15 dəfə bıçaqlandığını gördüyünü və hücumçünün "bu Allah üçündür" qışqırdığını eşitdiyini deyib.
Başqa şahid, Eric, kişilərin avtomobilin az qala vurduğu insanlara tərəf qaçdığını deyib.
"Mən düşündüm ki, bəlkə onlar narahatdırlar və onlara kömək etmək istəyirlər", Eric deyib.
"[O zaman] onlar insanları yumuruq və təpik vurmağa başladılar və sonra bıçaqlarını çıxartdılar...", o, əlavə edib.
[caption id="" align="alignnone" width="976"]
Hücumçuların adi insanların arasında gizlənməyə cəhd etmə ehtimalına görə insanlar hadisə yerindən əlləri başlarının arxasında olaraq uzaqlaşdırılıblar.[/caption]
Hücumdan sonra Baş nazir Theresa May hökumətin Cobra adlı fövqəladə hal komitəsinin iclasına başçılıq edib.
Şəhərin meri Sadiq Khan terror aktını "günahsız Londonlulara qarşı qəsdlə törədilən qorxaq hücum" adlandırıb.
Bu son üç ay ərzində Britaniyada baş vermiş 3-cü terror aktıdır. Bundan əvvəl mart ayında Westminster-də avtomobil və bıçaq hücumu 5 nəfərin ölümü ilə nəticələnib və iki həftə əvvəl Manchester şəhərində baş vermiş canlı bomba hücumunda 22 nəfər həyatını itirib.
Londonun Metropolitan Polis xidmətinin komissar müavini Mark Rowley hücumu yalnız 3 nəfərin törətdiyini və onların əyinlərində geyindikləri partlayıcı jiletlərinin "saxta" olduqlarını deyib.