16 İyun 2017
Mətni dəyiş
Avropada terrorizmdə şübhəli bilinərək həbs olunan cihadçıların sayı artıq üçüncü ildir ki, ardıcıl olaraq artır, Europol-un hesabatında bildirilir.
Avropa polisinin məlumatına görə, 2016-cı ildə terrorçuluqda şübhəli bilinən 718 nəfər saxlanılıb. 2015-ci ildə saxlanılanların sayı 687, 2014-cü ildə isə 395 nəfər olub.
Eyni zamanda 2016-cı ildə cihadçı hücumların sayı 2015-ci illə müqayisədə azalıb. 2015-ci ildə 17, ötən il isə 13 hücum baş verib.
Bunlardan altısının özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə əlaqəli olduğu deyilir.
Europol-un illik Avropa Birliyində (Aİ) terrorizm vəziyyəti ilə əlaqəli hesabatında, həmçinin radikal sağçı qruplar tərəfindən də zorakı hücumların sayının artması qeyd olunur.
Təşkilat deyir ki, 2016-cı ildə cihadçılar, millətçilər və digər qruplar tərəfindən ümumilikdə 142 "cəhd edilmiş, qarşısı alınmış və baş tutmuş" hücum baş verib.
62 səhifəlik hesabata əsasən, hücumlarda 142 nəfər həlak olub, 379 nəfər xəsarət alıb. Europol qeyd edir ki, ziyan və tələfatın çoxu cihadçı hücumların nəticəsində yaranıb.
Hesabatda bildirilir ki, cihadçı hücumların təşkilində qadınlar böyük rol oynayır.
"Terror aktlarının təşkilində qadınlar öz yolunda kişilərlə müqayisədə daha az maneə ilə qarşılaşırlar", məruzədə deyilir.
Bundan başqa, qadınların Qərb ölkələrində təşkil etdiyi uğurlu və hətta qarşısı alınmış hücumlar digər cihadçıları ruhlandıra bilər, Europol xəbərdarlıq edir.
Bundan başqa Avropada 2014-ci ildən solçu ekstremistlərin təşkil etdiyi hücumların sayı da artır. 2016-ci ildə 27 belə hücum qeydə alınıb ki, onlardan 16-sı İtaliyada törədilib.
Təhlükəsizlik məsələləri üzrə Avropa komissarı Julian King bildirib ki, bu rəqəmlər kəşfiyyat sahəsində daha sıx əməkdaşlığın zəruriliyini göstərir.