1 İyun 2017
Mətni dəyiş
Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında ölkənin quruma qoşulma müzakirələrinin bu mərhələdə davam etməsinin lazım olduğunu, lakin edam cəzasının geri qaytarılacağı təqdirdə bu müzakirələrin sona çatacağını söyləyib.
Juncker Berlində Avropanın gələcəyi ilə bağlı çıxış etmək üçün bir qrup tələbəylə görüşüb.
Reuters agentliyinin bildirdiyinə görə, Juncker çıxışı zamanı bir qədər əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğanla edam cəzasının geri qaytarılmasıyla bağlı geniş müzakirələr apardığını və bu görüşdə edam cəzasının geri qaytarılmasının qoşulma müzakirələrində keçilməməsi lazım olan bir qırmızı xətt olduğunu söylədiyini bildirib.
2002-ci ilin avqustunda Aİ islahatları çərçivəsində DSP-MHP-ANAP hökuməti zamanında "müharibə və müharibəyə yaxın təhlükə vəziyyətində işlənmiş cinayətlər xaric" edam cəzası aradan qaldırılmışdı.
2004-cü ildə Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti dövründə Türkiyənin Avropa İnsan Haqqları Razılaşmasının 13-cü Protokolunu imzalamasından sonra həyata keçirilən konstitusiya dəyişikliyi ilə konstitusiyada edam cəzasının qalıqları tamamilə ayırd edilmiş və daha sonra qanunlardan çıxarılmışdı.
Amma 15 iyul hadisələrindən sonra Erdoğan edam cəzasının yenidən tətbiq edilməsi məsələsini dəfələrlə gündəmə gətirmiş və parlamenti lazımlı dəyişiklikləri etməyə çağırmışdı.
Erdoğan lazım gələcəyi təqdirdə məsələnin referenduma da çıxarılacağını söyləmişdi.
"Türkiyə bir gün Aİ-nın üzvü ola bilərmi? Bilmirəm"
Juncker Erdoğana "Edam cəzasını geri qaytarsanız, o zaman sizin Aİ-na daxil olma istiqamətində aparılan danışıqların da sonu çatmış olacaq" deyib.
Erdoğan keçən həftə NATO liderləri ilə toplantıda iştirak etmək üçün Brüsselə getdiyi zaman Juncker və Aİ başçısı Donald Tusk-la görüşüb.
Erdoğan bu görüşlərin "müsbət" keçdiyini söyləmiş və Aİ-dan 12 aylıq bir təqvim alındığını ifadə etmişdi.
Juncker bu mərhələdə Türkiyə ilə müzakirlərin dayandırılmaması lazım gəldiyini də sözlərinə əlavə edib.
Juncker "Türkiyə həqiqətən bir gün Aİ-na üzv ola bilərmi? Həqiqətən bunu bilmirəm" deyib.
Aİ, xüsusilə 15 iyul hadisələrindən sonra Türkiyəni söz azadlığını boğmaqda və insan haqlarını pozmaqda ittiham edir.
Türkiyə isə başda viza tətbiqinin qaldırılması da daxil olmaqla, Aİ-nı verdiyi vədlərə əməl etməməkdə günahlandırır.