Avropa Birliyi komissarı: "Əfqan Muxtarlı məsələsini Bakıda qaldıracağam"

Avropa Birliyi komissarı: "Əfqan Muxtarlı məsələsini Bakıda qaldıracağam"
13 İyun 2017
Mətni dəyiş
Avropa Birliyinin genişlənmə üzrə komissarı Johannes Hahn həbsdəki azərbaycanlı jurnalist Əfqan Muxtarlıdan danışıb.
İyunun 12-də Brüsseldə keçirilən mətbuat konfransında Aİ komissarı deyib ki, Gürcüstanın bu məsələni ciddi araşdıracağını gözləyir. Bu barədə Azadlıq Radiosu xəbər yayıb.
“Mən azərbaycanlı jurnalistin Gürcüstanda oğurlanması məsələsindən agaham. Gözləntim odur ki, Gürcüstan höküməti bu hadisəni çox diqqətlə, bütün incəliklərinə qədər araşdıracaq. Mən nəticələri görməyi çox arzulayıram. Yeri gəlmişkən, bu həftə sonu Bakıya səfər edəcəyəm və bu məsləni orada da qaldıracağam.”
Mühacir jurnalist Ə. Muxtarlı mayın 29-u yaşadığı Tbilisdən müəmmalı şəkildə Azərbaycana gətirilib.
O, hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda suçlanır. Bildirilir ki, sərhədi keçərkən üzərindən 10 min manat pul tapılıb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Əfqan Muxtarlı üç ilə yaxındır Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun