26 İyun 2017
Mətni dəyiş
Bu gün Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyasının ilk plenar iclasında qurumun prezidenti Pedro Aqramuntun postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılıb.
APA-nın Avropa bürosunun məlumatına görə, AŞPA-nın daxili prosedur qaydalarında Assambleyanın prezidenti, vitse-prezidentləri və komitə sədrlərinin vaxtından qabaq vəzifədən çıxarılması müddəaları olmadığına görə AŞPA Bürosu Pedro Aqramuntu prezident vəzifəsindən uzaqlaşdıra bilmədiyindən, bu gün səhər AŞPA Bürosunda, eləcə də plenar iclasda bunun yolları müzakirə olunub.
Bununla bağlı AŞPA-nın sabah keçiriləcək plenar iclasında xüsusi hesabatın müzakirə ediləcəyi gözlənilir.
Bugünkü plenar iclasda çıxış edən bəzi deputatlar Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılaraq, Assambleyanın yeni prezidentinin seçilməsinə və Assambleyada yaranmış böhranın tezliklə həllinə çağırışlar ediblər. AŞPA Bürosunun bu gün keçirilmiş iclasında eyni zamanda qurumun oktyabr sessiyasında yeni prezidentin seçilməsi məsələsi də qaldırılıb.
Bununla yanaşı, AŞPA-dakı Avropa Xalq Partiyası qrupunun bir qrup üzvü Assambleyanın sözügedən məsələyə dair daxili nizamnaməsinin dəyişdirilməsinə tərəfdar olsa da, bunun hazırkı deyil, gələcək prezidentlərə şamil olunmasını istəyib.
AŞPA-nın prezidenti Pedro Aqramunt isə bu səhər Büronun iclasında iştirak etsə də, bugünkü plenar iclasa qatılmayıb.
O, Büronun iclasından çıxandan sonra jurnalistlərə də hər hansı açıqlama verməyib.
Plenar iclasa vitse-prezidentlər sədrlik edir.
Qeyd edək ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramunta etimadsızlıq məsələsini qaldırıblar.
P. Aqramuntun AŞPA-nın ötən sessiyasında istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.
P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti ilə bağlı qeyri-müəyyənlik davam edir.