Yandex ukraynalıların məlumatlarının Rusiyaya verilməsi ittihamına cavab verdi

Yandex ukraynalıların məlumatlarının Rusiyaya verilməsi ittihamına cavab verdi
30 May 2017
Mətni dəyiş
Yandex internet axtarış xidməti vətənə xəyanət cinayət maddəsiylə Ukraynadakı ofislərində aparılan axtarış əməliyyatlarına açıqlama gətirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bəyantına görə, axtarış xidmətinin rəhbərliyi ukraynalılar barədə məlumatları toplayaraq Rusiyaya təqdim edib. Yandex qətiyyətlə bu ittihamları təkzib edir.
Yandex tərəfindən BBC-nin Rusiya xidmətinə daxil olan bəyanatına görə, dünən səhər UTX əməkdaşları şirkətin Kiyev və Odessadakı ofislərində axtarış əməliyyatları keçiriblər. İki həftə əvvəl isə şirkətə qarşı sanksiyalar tətbiq edilib.
"Yandex-Ukrayna əməkdaşları ukraynalı istifadəçilər barədə şəxsi məlumatları Rusiya xüsusi xidmət orqanlarına təqdim etməkdə ittiham edilir. ", -deyə bəyanatda bildirlib.
Şirkət bu ittihamları rədd edərək nə Yandex-in Ukraynadakı əməkdaşlarının, nə də Ukrayna rəhbərlyinin nəzarətində olan dəstələrin istifadəçilərin şəxsi məlumatlarına girişi olmadığını qeyd edib.
"İstifadəçilər barədə məlumatlar şəxsidir və anonimdir ", - deyə Yandex bildirib.
Şirkətin bu məlumatları yalnız məhkəmənin qərarıyla açıla bilər.
"Hansısa məlumatın verilməsi kimi bir hadisə baş verməyib ", - deyə axtarış xidməti qeyd edib.
Bir qədər əvvəl UTX-nin saytında Yandex-in ofislərində aparılan axtarış əməliyyatları ilə bağlı açıqlama verilib.
"Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, şirkətin menecmenti Ukrayna vətəndaşları barədə şəxsi məlumatları - xüsusilə təhsilləri, həyat tərzləri, yaşayış yerləri, asudə vaxtlarını necə keçirmələri, gəlir mənbələri və miqdarı, telefon nömrələri, elektron ünvanları və sosial şəbəkələrdəki hesabları barədə məlumatları qeyri-qanuni toplayaraq Rusiyaya təqdim edib ".
UTX-nin iddialaraına görə, onlar Yandex-in Ukrayna hüquq mühafizə və xüsusi xidmət orqanları əməkdaşları, həmçinin ordunun hərbçiləri barədə guya məlumatlar verdiyini sənədləşdirməyə nail olublar.
UTX iddia edir ki, bu məlumatlar Rusiya xidmət orqanlarına Ukraynada "kəşfiyyat , təxribat və informasiya-təxribatı əməliyyatlarının planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi" üçün verilib.
Məqsəd isə Ukraynanın suverenliyinə və ərazi bütövliyinə zərbə vurmaqdır.
Axtarış zamanı UTX əməkdaşları tərəfindən müsadirə edilən server çihazları və sənədləri ekspertizaya göndəriləcək.
Yandex öz növbəsində şirkətin hüqüqşünaslarla məsləhətləşəcəyini və komandanın müdafiəsi üçün lazım olan hüquqi tədbirlərin görüləcəyini bildirib.
Yandex-in Ukraynadakı ofislərindəki axtarış əməliyyatları dövlətə xəyanət cinayət maddəsilə aparılıb. Bu barədə UTX nümayəndəsi Yelena Gitlyanskaya məlumat verib.
Təqribən iki həftə əvvəl Ukrayna rəhbərliyi bir neçə Rusiya şirkətinə, o cümlədən Yandex-ə və "VKontakte" və "Odnoklassiki" sosial şəbəkələrinə qarşı sanksiyalar tətbiq etmişdi.
İnternet-provayderlərə bu qaynaqlara girişin 3 il əngəllənməsi barədə göstəriş verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun