28 May 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, Sovet İttifaqı, Çin və Qərb arasında iqtisadi hasarları yıxan ABŞ diplomatı, prezident Jimmy Carter-in milli təhlükəsizlik müşaviri Zbigniew Brzezinski 89 yaşında vəfat edib.
Onun ölümü haqqında ilk məlumatı, qızı, MSNBC telekanalının aparıcısı Mika Brzezinski sosial mediada yayıb.
O Brzezinskini "hər hansı qızın malik ola biləcəyi ən ruhlandırıcı, ən sevən və ən fədakar ata" adlandırıb.
Prezident Carter bu münasibətlə verdiyi xüsusi bəyanatda bildirib ki, Brzezinski "möhtəşəm ictimai xadim", habelə "parlaq, fədakar və sədaqətli" şəxs idi.
Prezident Barack Obama Brzezinski-ni "mükəmməl ictimai xadim, güclü zəka sahibi və Amerika liderliyinin sədaqətli müdafiəçisi" adlandırıb.
"Onun təsiri bir neçə onilliyə yayılıb və mən onun müdriklik və məsləhətindən bəhrə görən bir neçə prezidentdən biri olmuşam" - deyib Obama.
"The Guardian" yazır ki, doğruçu və ambisiyalı Brzezinski prezident Carter-ə Misir və İsrail liderləri - Ənvər Sədat və Menaxem Begin arasında körpü yaratmaqda kömək edib. Onun bu sahədə fəaliyyəti 1978-ci ildə Camp David razılaşması ilə yekunlaşıb. Bundan üç ay sonra ABŞ və Çin arasında münasibətlər normallaşıb.
Varşavada doğulmuş, Kanada və ABŞ-da təhsil almış Brzezinski ABŞ siyasətçilərinin diqqətini cəlb edəndə, kommunizm sahəsində özünü təsdiq etmiş ekspert idi. O 1960-cı illərdə prezident John Kennedy-nin məsləhətçisi olmuş, prezident Johnson-un administrasiyasında çalışmışdı.
1976-cı ilin dekabrında Carter Brzezinski-yə milli təhlükəsizlik müşaviri vəzifəsini təklif etmişdi. O dövlət katibi vəzifəsindən imtina eləmişdi, çünki Ağ Evdə Carter-ə daha yaxın olmaq istəyirdi.
Bununla belə, Brzezinski çox vaxt həmkarları ilə, məsələn dövlət katibi Cyrus Vance-lə mübahisə etməli olurdu. Bir müddət bu ikisinin arasındakı mübahisə ictimaiyyəti administrasiyanın siyasəti barədə çaşqınlıqda qoymuşdu.
1979-cu ildə başlamış İran İnqilabı Amerikanın zəifləyən qlobal nüfuzunu dramatik şəkildə faş etmişdi.
1980-ci ilin əvvəllərində Brzezinski belə bir qərara gəlmişdi ki, amerikalı girovların azad edilməsi üçün iranlılarla aparılan danışıqlar fayda verməyəcək. O Pentaqonun dəstəyi ilə hrrbi hərəkət variantını seçmişdi.
Carter nəyin bahasına olursa olsun qarşıdurmaya son qoymaq istəyirdi və Vance-in etirazına baxmayaraq girovları xilas etmək üçün uzaqmənzilli əməliyyata əmr verir. Desert One, kod adlı bu hərbi əməliyyat tam bir iflasla başa çatır və Vance istefa verir. Carter isə seçkini Ronald Reagan-a uduzaraq ikinci müddətə seçilə bilmir.
Polşalı diplomat Tadeusz Brzeziński-nin böyük oğlu Zbigniew 28 mart 1928-ci ildə doğulub və atasının Fransa və Almaniyada xidmətdə olduğu illərdə katolik məktəbində təhsil alıb.
Ailə 1938-ci ildə ata Brzeziński Montreala konsul təyin ediləndə Kanadaya köçüb.
Tadeusz Brzeziński altı il sonra Polşada kommunistlər hakimiyyətə gələndə istefa verib və Kanadanın kənd yerində yaşayıb. Məhz burada gənc Brzezinski qonşuluqdakı fermada rus dilini öyrənib.
Brzezinski-nin ən yüksək diplomatiya zirvəsinə yolu Kanadadakı McGill Universitetində başlayıb. O burada iqtisad və siyasət elmləri sahəsində təhsil alırdı. O sonralar Harvard Universitetində hökumət mövzusunda doktorluq müdafiə edib. Elə buradaca Sovet repressiyaları və totalitarlıq barədə elmi işini çap etdirib.
Şərqi Avropaya tez-tez səfərlər etməsi və yazdığı kitablar Brzezinski-nin kommunizm üzrə ekspert kimi tanınmasına səbəb olub.
Bütün siyasi karyerası boyunca o mötədil-liberal qruplara meyl göstərib.
Brzezinski dövlət xadimi kimi yaşadıqlarını 1983-cü ildə yazdığı "Hakimiyyət və prinsip" (Power and Principle) kitabında qələmə alıb.
"Mən heç vaxt çıxış yolunu qılığa girməkdə və yalan danışmaqda görməmişəm," - deyirdi ötən il Washington Post qəzetinə verdiyi müsahibədə Brzeziński, -" Mən çıxış yolunu öz şərtlərimlə tapmışam".