3 May 2017
Mətni dəyiş
İmişli rayonunun Cəfərli kəndində Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində yem emalı məntəqəsi inşa edilib. Mayın 2-də tikintinin başa çatması mərasimlə qeyd olunub.
Bu haqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan ofisinin məlumatında bildirilir.
Azadlıq Radiosu-nun məlumatına görə, tədbirdə USAID, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.
Məlumatda vurğulanır ki, bu layihəni USAID və Azərbaycan hökuməti birgə maliyyələşdirib. Onu Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) icra edib.
«ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik», - USAID-in layihələr şöbəsinin əməkdaşı Ryan Russell deyib.
O əlavə edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaqdan ötrü Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir.
Layihədən Cəfərli kəndinin 754 ailəsi faydalana biləcək.