22 May 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, Trump-ın seçki kampaniyasının daha bir müşaviri Rusiya ilə əlaqələrə dair ifadə verməsi üçün Konqresin kəşfiyyat komitəsinə dəvət edilib.
Məqalədə deyilir ki, "The Guardian" qəzetinin sərəncamında olan məlumatlar ifadə verməyə dəvət edilənin Michael Caputo olduğunu göstərir. Caputo Trump-ın praymeri seçkiləri zamanı demək olar həmişə onunla olub. Bundan başqa Caputo-dan onda olan bütün sənədləri könüllü şəkildə komitəyə təhvil verməsi istənib.
Bu barədə ilk məlumatları New York Times qəzeti yaymışdı.
FTB-nin keçmiş direktoru Robert Mueller-ə Trump düşərgəsinin Rusiya ilə əlaqələrinin təhqiqatı tapşırılıb. Bu arada Washington Post xəbər vermişdi ki, Ağ Evin hazırkı əməkdaşlarından bir nəfər təhqiqat üçün "maraq" kəsb edir.
Məqalədə deyilir ki, bu hadisələr Trump-ın Səudiyyə Ərəbistanına səfəri ilə eyni vaxta təsadüf edir. Trump bu səfərin əsnasında Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah sazişi imzalayıb.
"The Guardian" yazır ki, səudlarla qılınc rəqsi oynayan Trump "səfər zamanı "radikal İslam" sözünü işlətməkdən çəkinərək səyahətinin birinci gününü problemsiz keçirib. Lakin "The Guardian" kinayə ilə yazır ki, onun yeni səhvlər buraxmaq üçün daha 8 günü var. O Səudiyyədən sonra İsrail, Vatikan, Brüssel və Sicilyaya yollanır. Trump-ın bu səfər ərzində NATO müttəfiqləri və Roma papası ilə görüşləri nəzərdə tutulub.
Caputo-ya gəlincə isə onun Trump-ın ziddiyyətli siyasi müşaviri Roger Stone-la sıx əlaqələri var. Roger Stone 1990-cı illərdə Rusiyada işləyib.
Bundan əvvəl, mart ayında keçirilən Konqres dinləməsində millət vəkili Jackie Speier cənab Caputo-nun adını çəkib.
Keçmiş FTB direktoru James Comey-nin də ifadə verdiyi həmin dinləmədə Speier qeyd etmişdi ki, Caputo qısa bir müddət Gazprom şirkətinin ictimai əlaqələri üçün işləyib və 2-ci arvadı ilə 2007-ci ildə Ukraynada, orada keçirilən seçkilərdə məsləhətçi olduğu vaxtlarda tanış olub.
"The Guardian" yazır ki, Speier-in qeydləri Caputo-nun da komitəyə verdiyi ifadənin ictimailəşdirilməsini tələb edir.
Caputonun cənab Trump-ın kampaniyası üçün işi 2015-ci ilin noyabrından 2016-cı ilin iyununadək davam edib və o, kampaniyanın rəhbəri Corey Lewandowski-nin işdən kənarlaşdırılmasını tənqid etdikdən sonra istefa verib.
Maraqlıdır ki, Clinton-un mətbuat katibi Brian Fallon 2016-cı ilin 25 iyulunda Caputo-nun tvitlərindən birinə əsasən yazırdı: "Trump iddia edir ki, Demokratik Partiyanın email-lərinə haker müdaxiləsinin arxasında ruslar dayanmır. Amma onun keçmiş müşaviri təsdiq edir ki, bu, belədir".