24 May 2017
Mətni dəyiş
"Financial Times" qəzeti yazır ki, ABŞ prezidenti Donald Trump "büdcənin nizamlanması məqsədilə" ölkənin strateji neft ehtiyatlarının yarısının satılması planlarını açıqlayandan sonra neftin qiyməti azacıq düşüb.
Brent markasından olan neftin bir barrelinin qiyməti 50 sent azalaraq 53, 47 dollara enib. West Texas Intermediate markalı neftin qiyməti 44 sent azalaraq 50, 69 dollar olub.
Ağ Evin büdcəyə aid sənədlərində deyilir ki, ölkənin strateji neft ehtiyatlarının yarısının oktyabr ayından başlayaraq satılması 16, 5 milyard dollar gəlir gətirəcək.
Amerikanın strateji neft ehtiyatları Luiziana və Texas ştatlarındakı yeraltı çənlərdə saxlanır.
Lakin neft ticarətçiləri bildirirlər ki, belə bir satışın bazara təsiri böyük olmayacaq, çünki 10 il müddətində hər gün cəmi 94 min barrelə bərabər olacaq. Müqayisə üçün qeyd edilir ki, qlobal neft hasilatı gündə 96 milyon barrel təşkil edir.
Neft brokerlərlərinin RVM firmasından Tamas Varga deyib ki, strateji ehtiyatların satışa çıxarılması neft bazarını əhəmiyyətli dərəcədə doldurmayacaq.
Ekspertin sözlərinə görə, əvvəla satış 2018-ci maliyyə ilində başlanacaq və ikincisi, 10 il müddətində davam edəcək.
Bu, günə əlavə olaraq 94 min barrel neft deməkdir və 2018-ci ildə gözlənilən 500 milyon barrelin yanında heç nədir.
Bundan başqa Trump-ın planının Konqres tərəfindən qəbul olunub-olunmayacağı da hələlik bəlli deyildir.
Buna baxmayaraq, bazara ümumilikdə 344 milyon barrel neftin çıxarılması hazırda izafi neftdən əziyyət çəkən bazar üçün yaxşı xəbər də deyil.
Bu həftə OPEC və başqa iri neft hasilatçıları Vyanada görüşərək hasilat ixtisarı müddətinin uzadılması məsələsini müzakirə edəcəklər.
Küveytin neft naziri Essam əl-Mərzuq deyib ki, neft hasilatçıları bu həftənin axırında keçiriləcək görüşdə hasilatın ixtisarının daha 9 ay müddətində davam etdirilib-etdirilməyəcəyi barədə qərara gələcəklər.
OPEC və Rusiya da daxil iri neft hasilatçıları, ötən il hasilatın günə 1, 8 milyon barrel ixtisarı barədə razılığa gəliblər.
Cənab Mərzuq Vyanada jurnalistlərə bunu da bildirib ki, OPEC-in ən böyük hasilatçısı və de facto lideri Səudiyyə Ərəbistanı indiyədək hasilat ixtisarına qoşulmayan üç ölkə ilə də razılığa gəlib.
Mərzuqun dediyinə görə, Türkmənistan, Norveç və Misir də ixtisarlara qoşulacaqlarını bildiriblər.