Rusiya hakimiyyəti gənclərin fəallığından narahatdır

Rusiya hakimiyyəti gənclərin fəallığından narahatdır
22 May 2017
Mətni dəyiş
Tolyatti şəhərindən 11-ci sinif şagirdi Matvei AzadlıqRadiosuna məktəbdə göstərilən təbliğat filmindən danışıb. Filmdə Rusiyanın siyasi müxalifəti faşist və terrorçu kimi qələmə verilir.
"Bilirəm ki, onlar bu filmi başqa məktəblərdə də göstəriblər. Hesab edirəm ki, bu, təbliğatdır. Gizli olsa da, təbliğatdır. Məktəblərdə isə təbliğat aparmaq qadağandır", – Matvei deyir.
Matvei də ölkədəki bir çox şagird kimi edib, baş verənləri telefonuna çəkərək gələcək üçün saxlayıb.
NƏSİLLƏRİN TOQQUŞMASI
Matvei və sinif yoldaşları sonradan bu görüntüləri internetdə paylaşıblar. Videoda onların məktəb direktoru ilə mübahisə etdiyini görürük. Bu, müxalifət və küçə etirazları haqda şagirdlərlə müəllimlərin mübahisəsini göstərən çoxsaylı videolardan sadəcə biridir.
Bu çoxsaylı YouTube videoları ölkə əhalisinin diqqətini prezident Vladimir Putin dövründə nəsillərarası toqquşmaya cəlb edir.
Müxalifət lideri Aleksei Navalny-nın başçılığı ilə martın sonunda keçirilmiş antikorrupsiya yürüşlərinə qatılan gənclərin sayı iqtidarı düşünməyə vadar edib. Belə ki, baş verənlər gənclərin hakim elitaya etimadsızlığını sərgiləyib.
"Etiraz yanaşması mövcuddur və biz bu etirazçı uşaqlarla işləməliyik", – ölkənin təhsil və elm naziri Olga Vasilyeva mayın 17-də deyib. O bildirib ki, gənclərin antisosial hərəkətlərə cəlbinə, "radikalizmə uymasına" yol vermək olmaz.
"TƏHLÜKƏLİ EKSTREMİST"
Gələn il prezident seçkilərinə qatılacağını bəyan edən 40 yaşlı A.Navalny gələn ay daha bir antikorrupsiya aksiyası keçirəcək. Gələn ilki prezident seçkisində hakimiyyəti əlində saxlarsa, 64 yaşlı Putin növbəti 6 il Rusiyaya rəhbərlik edəcək.
Navalny-nın yeni mediadan yararlanması, kəskin ritorikası və Rusiyanın hakim elitasıyla bağlı ciddi araşdırmaları ona Kremlin dövlət telekanallarında təbliğ etdiyi doqmadan bezmiş gənclərin etimadını qazandırıb.
Hakimiyyət, dövlət mediası və Kreml təəssübkeşləri isə Navalny-nı əvvəllər sağçı və solçu qruplaşmalarla əməkdaşlıq etmiş təhlükəli ekstremist kimi qələmə verməyə çalışırlar. Onun bir neçə il öncə Moskvada ultramillətçi yürüşdə iştirakını da qabartmağı unutmurlar.
"GET, EV TAPŞIRIĞINI ELƏ"
12 iyun aksiyaları öncəsi internetdə gəncləri etirazlardan uzaq durmağa səsləyən musiqi videoları yayılıb. Pop müğənni Alisa Voks-un mahnısı bu sözlərlə bitir: "Siyasətdən uzaq dur, balaca, get ev tapşırığını elə".
[embed]https://www.youtube.com/watch?v=Urt4fifrsls[/embed]
Ptakha adlı reperin mahnısında isə "qayığı yırğalayanlar" və "Sem Dayının puluna vətənpərvərə çevrilənlər" tənqid olunur.
Navalny Kremli vergi ödəyicisinin pullarını bu videolara xərcləməkdə suçlayır. Hər iki müğənni bu iddianı rədd edir.
Moskva Ali İqtisadiyyat Məktəbinin Siyasi Araşdırmalar Laboratoriyasının rəhbəri Valeria Kasamara isə hesab edir ki, hökumətin gəncləri qorxudaraq müxalifətə qoşulmaqdan yayındırmağa yönəlik sistemli tədbirləri, əslində, əks effekt verə bilər.
"Bu, gənclərin etirazlara marağını artıra bilər", – o deyir. Ancaq bütün Rusiya boyu 6 min gəncin siyasi baxışlarına dair tədqiqat müəllifi olan Kasamara gənclərin öz siyasi baxışlarını "barrikadalarda" müdafiə etmək istəməsinə skeptik yanaşır.
47% PUTİN-Ə SƏS VERƏR
Sözügedən araşdırmanın mayın 16-da yayılmış nəticələrinə görə, respondentlərin 66%-i korrupsiyanı Rusiyanın 1 saylı problemi kimi görür.
Rəyi soruşulanların 19%-i nümayiş və etirazları effektiv vasitə hesab edir. 72%-sə onların faydasız olduğunu deyib. Sorğu iştirakçılarının yalnız 14%-i etirazlarda iştirak edəcəyini bildirib.
"Bu, özlərini barrikadada sınamaq istəyən adamlar deyil. Çünki hər hansı etiraz fəaliyyəti risklidir. Onlar riskə getmək istəmirlər. Onlar özlərini reallaşdıra biləcəkləri rahat həyat istəyirlər", – Kasamara deyir.
Tədqiqatın nəticələri Putin-in güclü dəstəyə malik olduğunu göstərir. Respondentlərin 47%-i seçkilər növbəti bazar günü keçirilərsə, Putin-ə səs verəcəyini deyib. Navalny isə 7.1%-lə ikinci olub.
Ancaq Kasamara deyir ki, bu, institusional zəifliyi göstərir. Belə ki, respondentlər prezidentlik institutuna yox, Vladimir Putin-ə dəstək ifadə edirlər.
"Beləliklə, onlar ona inanırlar... və nəzəri cəhətdən onun yerini tuta biləcək adamı görmürlər... Hər şey bir fərdə fokuslanıb", – Kasamara deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun