İranda prezident seçkisində məğlub olmuş mühafizəkar Ebrahim Raisi seçki saxtakarlığından şikayətlənir. O, ədliyyə və seçki orqanını araşdırma aparmağa çağırıb.
Bu haqda yarırəsmi "Fars" xəbər agentliyinə istinadla "Reuters" yazır.
Agentlik bildirir ki, bu iddialar Raisi-nin mühafizəkar tərəfdarlarını qızışdıra bilər, belə ki, mayın 19-dan bəri onun verdiyi ən güclü bəyanat sayılır. Raisi hazırkı prezident Hassan Rouhani-yə 57-38 səs fərqiylə uduzub.
"ADAMLARIN İNAMI SARSILACAQ"
Rouhani-nin yenidən seçilməsi sərt-xətt tərəfdarlarını qıcıqlandırıb və mühafizəkar gündəmlərindən əl çəkməyəcəklərini bildiriblər. Bazar ertəsi ədliyyənin rəhbəri Rouhani-nin seçki kampaniyası zamanı verdiyi vədi tənqid edib. Rouhani deyirdi ki, ev dustaqlığında olan iki müxalifət liderinin buraxılmasına çalışacaq.
"Seçici sayıyla oynamaq yaxşı deyil. Hökumətin opponentinin səs almaq şansı olan yerlərə seçki qutusu göndərməmək düzgün hərəkət deyil", – Raisi deyib.
"Mühafizlər Şurasından və ədliyyədən xahiş edirəm ki, insanların hüquqlarının tapdanmasına imkan verməsinlər. Səslərlə bu cür manipulyasiya olunması araşdırılmasa, adamların inamı sarsılacaq", – o, sözlərinə əlavə edib.
Mühafizlər Şurası seçki prosesinə nəzarət edən, namizədləri təsdiqləyən orqandır.
Ebrahim Raisi-nin qadın tərəfdarları səsvermədə.
"Reuters" yazır ki, Raisi-nin dedikləri özünün və tərəfdarlarının Rouhani-yə qarşı mübarizəni davam etdirəcəyini göstərir. Rouhani seçki kampaniyası dövründə sosial azadlıq, insan haqları və islam respublikasının Qərb sərmayəsinə açılmasıyla bağlı vədlər verib.
"SƏN KİMSƏN Kİ?"
O, həmçinin prezidentliyə keçmiş namizədlər Mirhossein Mousavi və Mehdi Karroubi-nin, eləcə də Mousavi-nin həyat yoldaşının ev dustaqlığından azad olunacağını vəd edib. Onlar 2011-ci ildə, Yaxın Şərqdə demokratiya üsyanlarına həmrəylik etirazlarına çağırandan sonra ev dustaqlığına məhkum ediliblər.
"Sən kimsən ki, ev dustaqlığını ləğv edirsən?", – İran ədliyyə sisteminin rəhbəri Sadegh Larijani belə deyib. Xəbəri ədliyyə sisteminin xəbər saytı olan "Mizan" yayıb. Onun sözlərinə görə, müxalifət liderlərinin məhkumluğuyla bağlı ilkin qərarı ölkənin Ali Milli Təhlükəsizlik Şurası verməlidir, bundan sonra məhkəmə məsələyə baxa bilər.
Seçki kampaniyası dövründə Rouhani və Raisi ölkə siyasətində çox az eşidilən dildən istifadə ediblər. Rouhani Raisi-ni ədliyyə sistemində çalışarkən pozuntulara yol verdiyini deyib. Raisi isə onu korrupsiya və iqtisadi səriştəsizlikdə ittiham edib. Hər ikisi ittihamları rədd edib.
Raisi bazar günü tərəfdarları qarşısında çıxışında həmçinin, Rouhani-ni kampaniya zamanı televiziya, qəzet və hökumət idarələrindən sui-istifadədə suçlayıb.