26 May 2017
Mətni dəyiş
10 il azadlıqdan məhrum edilmiş nidaçı gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlunun sağlamlığında yaranan problemlərlə bağlı beynəlxalq təşkilatlara, hüquqmüdafiəçilərinə müraciət ünvanlayıb.
Abzas.net xəbər verir ki, Şura Əmiraslanova oğlunun saxlanma şəraitinin pis olduğunu bildirib. Ananın sözlərinə görə, saxlanma şəraiti övladının onsuz da zəif olan görmə qabiliyyətinə daha da pis təsir edir.
Qiyas İbrahimovun anası bildirib ki, oğlu ilə görüş zamanı onun ağır vəziyyətdə olduğunu görüb.
"Qiyasın həyatı və səhhəti məni çox narahat edir. Mənim narahatlığıma əsas var. Ona normal gözlük belə vermirlər".
Ş.Əmiraslanova müraciətində təşkilatlara çağırış edib ki, siyasi məhbusun sağlamlığına biganə qalmasınlar.
"Qiyasın gözlərinin nurunu sönməyə qoymayın. Onlar təkcə Qiyasın gözlərinin deyil, bu məmləkətdə gələcəyini qurmaq istəyən minlərlə gəncin gözlərinin işığıdır. Qiyas və onun kimi haqsızlığa etiraz edib həbsdə olanları tək qoymayın".
Qiyas İbrahimov və Bayram Məmmədov narkotik maddə dövriyyəsi ittihamı ilə 10 il azadlıqdan məhrum ediliblər.
"Heykəl məhbusları" və Nida Vətəndaş Hərəkatı rəsmi ittihamları qəbul etmir. Onlar gənclərin fəaliyyətinə görə, xüsusilə Heydər Əliyevin abidəsinə etiraz şüarları yazdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.
"Amnesty International" beynəlxalq hüquq müdafiə təşkiatı gəncləri vicdan məhbusu elan edib.