Niderland kralı gizlincə sərnişin təyyarəsində pilotluq edir
18 May 2017
Mətni dəyiş
Niderland kralı Willem-Alexander taxta cıxmaqdan sonra da adını gizli saxlamaq şərtilə mütəmadi olaraq sərnişin təyyarəsini idarə etdiyini etiraf edib.
KLM reyslərində ikinci pilot kimi uçan kralı bəzən sərnişinlər səsindən tanıyıblar.
Willem-Alexander-ın pilotluq etməsi 2013-cü ildə onun taxta çıxmasından əvvəl məlum olub.
Kral pilot lisenziyasını qoruyub saxlamaq üçün nisbətən kiçik tutumlu Fokker 70 təyyarəsində "qonaq pilot" qismində sükan arxasında oturmuşdu.
Lakin bu günə qədər onun tacqoyma mərasimindən sonra da ayda iki dəfə KLM şirkətinə aid KLM Cityhopper-in sərnişin reyslərində gizlin işlədiyi bilinməyib.
Bu reysin sərnişinləri bir qayda olaraq Böyük Britaniya, Almaniya, Norveç və digər Avropa ölkələrinə uçan iş adamları olur.
De Telegraf qəzetinə müsahibə verən kral təyyarə idarə etməyə davam edəcəyini, yayda isə daha böyük, Boeing 737s təyyarəsini idarə etmək kursunu keçəcəyini söyləyib.
Aviaşirkət Fokker təyyarələrini Boeing 737s təyyarələri ilə əvəz edib.
"Nə vaxtsa çoxlu sərnişinlərlə uzaq məsafələrə yeni reyslərdə uçmaqdan məmnun olardım. Həqiqətən mən məhz buna görə, Boeing 737-ni idarə etməyi öyrənirəm", - deyə kral bildirib.
Bir qədər əvvəl Willem-Alexander deyib ki, kral ailəsində doğulmasaydı Boeing 747 kimi böyük sərnişin təyyarəsini idarə etməyi arzulayardı.
Təyyarə şturvalı arxasında oturan kral sərnişinlərə müraciət edən zaman adını söyləmir, cünki ikinci pilotun özünü təqdim etməsi məcburi deyil.
Bundan başqa, onu KLM formasında və papağında tanımaq çox çətindir. Willem-Alexander müsahibədə bunları söyləyib.
"Mənim üstünlüyüm ondadır ki, mən həmişə kapitanın və heyətin adından sərnişinləri salamlaya bilərəm. Özümü təqdim etməyə ehtiyac yoxdur", - deyə kral qeyd edib.
Kralın sözlərinə görə bütün bunlara baxmayaraq bəzi sərnişinlər pilot kabinasında kimin olduğunu başa düşürlər.
Kral Willem-Alexander 2013-cü ildə, anası kraliça Beatrix taxt-tacdan imtina etdikdən sonra taxta çıxıb. Bu ilin aprel ayında kralın 50 yaşı tamam olub.