Macron Rusiyanın dövlət mediasını saxtakarlıqda ittiham edir

Macron Rusiyanın dövlət mediasını saxtakarlıqda ittiham edir
30 May 2017
Mətni dəyiş
Fransa prezidenti Emmanuel Macron Rusiyanın RT və Sputnik dövlət xəbər şəbəkələrini may ayında keçirilmiş seçki zamanı “saxta xəbərlər yaymaqda” və “təbliğat aparmaqda” ittiham edib.
Mayın 29-da Fransaya səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında Macron deyib ki, bu media qurumları “təsir və təbliğat orqanıdır” və “özlərini hökumət strukturları kimi aparıblar”.
Bu, iki prezident arasında Macron-un sağ təmayüllü rəqibi, Putinin heyranı və Kreml tərəfindən dəstəkləndiyi söylənən Marine Le Pen üzərində seçki qələbəsindən sonra ilk görüş idi.
Seçkinin ikinci dövrəsi ərəfəsində Macron komandasının üzvləri Rusiyanı onların kampaniyasını sıradan çıxarmaq məqsədilə haker hücumunda və dezinformasiyada ittiham etmişdilər.
Mayın 29-da Vladimir Putin Moskvanın Fransa seçkisinə müdaxiləsinə dair iddiaları rədd edib.
O deyib ki, mart ayında Moskvada Le Pen-i qəbul etməklə seçkinin nəticələrinə təsir göstərmək məqsədində olmayıb.
AzadlıqRadiosu müxbirləri bildirirlər ki, Macron və Putin arasında Paris yaxınlığındakı Versal Sarayında keçirilmiş görüş iki ölkə arasında qarşıdan gələn illərdə münasibətlərin tonunu müəyyən etməli idi.
Macron-un Rusiya münasibətdə sələfi Francois Hollande-ın sərt siyasətini davam etdirəcəyi gözlənilir.
O, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki separatçılara davam edən dəstəyi ilə əlaqədar Moskva üzərinə qoyulmuş sanksiyaların qüvvədə saxlanmasına tərəfdardır.
Moskvada Putinlə görüşən Le Pen Rusiyaya qarşı cəzalandırıcı tədbirlərin əleyhinə çıxış edirdi.
Rusiyanın Suriya pezidenti Bashar al-Assad-a dəstəyi də Macron və Putin arasında gərginlik yaradan məsələlərdəndir.
Macron martın 27-də keçirilən G7 sammitindən sonra demişdi ki, liderlər Ukraynadakı vəziyyət yaxşıya doğru dəyişməsə, Moskvaya qarşı yeni sanksiyalar məsələsinə baxa bilərlər.
O, həmçinin qeyd etmişdi ki, “bəzi təxirəsalınmaz beynəlxalq məsələlər Rusiya ilə sərt dialoqun aparılmasını tələb edir”.
Rusiya prezidenti ötən ilin oktyabrında Hollande onunla yalnız Suriya məsələsini müzakirə etmək üçün görüşə biləcəyini deyəndən sonra Parisə səfərini ləğv etmişdi.
Bu arada bir sıra beynəlxalq insan haqları təşkilatları Macron-u Puitinlə danışıqlarda Rusiyada insan haqları məsələsini qaldırmağa çağırmışdılar.
Kreml isə Qərblə dialoqdan insan haqları məsələsinin kənarlaşdırılmasına can atır.
Kremlyönlü Rusiya millət vəkillərindən Aleksei Puşkov deyib ki, o Macron-un “praqmatik” yanaşmasına ümid edir.
“Praqmatizm isə Moskva ilə daha yaxşı münasibətlər tələb edir” – demişdi millət vəkili.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun