ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru James Comey mayın 24-də Nümayəndələr Palatasında ifadə verməyi ertələyib. J.Comey Palatanın nəzarət komitəsində danışacaqdı.
Komitənin sədri Jason Chaffetz mayın 22-də bildirib ki, Comey əvvəlcə xüsusi prokuror Robert Mueller-lə danışmaq istəyir.
Hələlik, Comey-nin komitə dinləməsinə nə vaxt qatılacağı bəlli deyil.
MUELLER-LƏ MƏSLƏHƏTLƏŞMƏK İSTƏYİR
CNBC yazır ki, Comey-nin ictimai açıqlama verməmişdən öncə Mueller-lə məsləhətləşmək istəməsi onu göstərir ki, o, məsələnin bəzi tərəflərinin açıq müzakirəsinə hazır deyil.
Comey-ni mayın 9-da prezident Donald Trump işdən çıxarıb. Bu, ölkədə siyasi qalmaqal yaradıb. Comey komitədə Trump-la necə işləməsi, FTB-nin Rusiya-Trump əlaqələri üzrə araşdırması haqda ifadə verəcəkdi.
Mayın 17-də ABŞ Ədliyyə Departamenti FTB-nin keçmiş direktoru Mueller-i Rusiyanın ötən il Trump-ın seçki kampaniyasında mümkün rolunu araşdırmağa xüsusi prokuror təyin edib.
J.Comey işdən çıxarılandan sonra mediaya bir neçə qalmaqallı informasiya sızıb. Belə ki, məlumatlara görə, Trump ondan keçmiş müşaviri Michael Flynn haqda araşdırmanı dayandırmasını istəyib.
KOMİTƏ SƏNƏDLƏRİ İSTƏYİB
Komitə sədri J.Chaffetz isə FTB-dən Comey və Trump-ın danışıqlarına dair sənədləri və səs yazılarını istəyib.
Chaffetz deyib ki, komitə Trump-ın FTB-nin Flynn araşdırmasına təsir göstərməyə cəhd edib- etmədiyini öyrənməyə çalışır.
CNN-in yazır ki, Mueller artıq Comey-nin saxladığı bəzi sənədlərlə tanış olub. Comey-nin prezident Donald Trump-la söhbətlərini sənədləşdirdiyi bildirilir.
Mueller həmçinin, FTB-nin qərargahına baş çəkərək orada məsələni araşdıran FTB əks-kəşfiyyat agentləriylə görüşüb.
Bir mənbənin bildirdiyinə görə, Mueller təhqiqatın əngəllənməsnə xüsusi diqqət ayıracaq. Comey bu işdə şahid olacaq və Mueller onu dindirəcək.
Comey Senatın Kəşfiyyat Komitəsində ifadə verməyə razılaşıb. Bu dinləmənin vaxtı mayın 29-dan sonra bəlli olacaq.