28 May 2017
Mətni dəyiş
Avropa İttifaqı ümid edir ki, Ermənistan bu dəfə tərəfdaşlıq haqqında yeni hərtərəfli və genişləndirilmiş sazişi imzalayacaq. Bu barədə Yerevanda mətbuat konfransında Avropa Parlamentinin xarici işlər komitəsinin rəhbəri Devid Makallister bildirib.
O, "Azadlıq" radiosunun suallarının cavabında deyib ki, Ermənistan prezidenti Serj Sarqsyanla müzakirələrdən sonra belə nəticəyə gəlib.
"Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bilirik ki, bu 2013-cü ildə baş verib. Ancaq hazırda prezident Sarqsyan Avropa İttifaqı ilə ambisiyalı sazişi imzalamağa hazırdır və bu, bizim üçün, Avropa İttifaqı üçün vacibdir", - Makallister vurğulayıb.
Xatırladaq ki, Avropa İttifaqı Ermənistanla assosiasiya haqqında saziş ətrafında danışıqlar aparıb. Ancaq 2013-cü ilin sentyabrında təxminən 3,5 illik danışıqlardan sonra gözlənilmədən Serj Sarqsyan bildirib ki, Ermənistan Rusiyanın rəhbərliyilə Avrasiya İqtisadi İttifaqına daxil olmağa üstünlük verir.
O zaman erməni siyasətçilər etiraf etdilər ki, Rusiya ilə ittifaqdan imtina etdiyi halda Moskva Yerevanı Qarabağı itirməklə hədələyib.