23 May 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, Türkiyə, prezident Recep Tayyip Erdoğanın Washington-a səfəri əsnasında onun cangüdənləri ilə anti-Erdoğan etirazçılar arasında baş vermiş toqquşma ilə əlaqədar ABŞ-ın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib.
Məqalədə deyilir ki, toqquşma yerində çəkilən videolarda Erdoğanın mühafizə dəstəsi üzvlərinin dinc nümayişçiləri döydüyü görünür.
Amerika mediası yazır ki, toqquşmaya prezident Erdoğanın şəxsən tamaşa etməsi Amerika millət vəkillərini qəzəbləndirib.
John McCain ümumiyyətlə sərt şəkildə deyib ki, Türkiyənin səfirini ölkədən bayıra "tullamaq" lazımdır.
Lakin bunun ardınca Ankara bəyan edib ki, ABŞ təhlükəsizlik xidmətlərinin Türkiyə cangüdənlərinə qarşı "aqressiv və qeyri-peşəkar" hərəkəti ilə bağlı Washington-a şifahi və yazılı şikayətlə müraciət edib.
Belə görünür ki, burada söhbət cangüdənlərlə etirazçılar arasındakı toqquşmanı sakitləşdirmək istəyən ABŞ polisinin hərəkətlərindən gedir.
Lakin ABŞ Dövlət Departamentinin sözçüsü, xanım Heather Nauert deyib ki, Türkiyə prezidentinin mühafizə dəstəsi üzvlərinin hərəkəti "dərin narahatlığa" səbəb olub.
Sözçü bildirib ki, ABŞ-ın narazılığı ən yüksək səviyyədə Türkiyə rəhbərliyinin nəzərinə çatdırılıb.
"The Guardian" yazır ki, hətta bu toqquşma olmadan da, Ankara və Washington arasında son aylar münasibətlər o qədər yaxşı deyildi. Türkiyə ilk növbədə ABŞ-ın Suriya kürdlərinin YPG hərbi qüvvələrini dəstəkləməsindən hiddətlidir.
Obama administrasiyası kürd döyüşçüləri havadan dəstəkləyirdisə, Trump administrasiyası kürd qüvvələrini birbaşa silahlandırmaq qərarına gəlib.
Bundan başqa ABŞ Erdoğanın tələb etdiyi müsəlman vaiz Fethullah Gülenin ekstradisiya olunmasına heç də tələsmir. Ankara Güleni ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.
"The Guardian" yazır ki, Ankaranın cangüdənlərlə bağlı diplomatik demarşı iki ölkə arasındakı münasibətlərin pisləşməkdə davam etdiyini göstərir.
İki ölkə arasında gərginlik özünü həm də bazar ertəsi Washington-da keçirilən ABŞ-Türkiyə konfransında büruzə verib. ABŞ dövlət katibinin müavin əvəzi Thomas Shannon deyib ki, "amerikalılar Türkiyə səfirliyinin yaxınlığında baş vermiş zorakı insidentdən bərk narahat olublar".
"Həmin insident zamanı amerikalılar dinc nümayişçilərə hücum edildiyini görüblər, - deyib Shannon, - Yada salmaq istərdim ki, ABŞ-da belə etirazlar leqaldır, mühafizə olunur və adətincədir. Bu bizim dəyər verdiyimiz hüquqların ifadəsidir. Buna görə də biz bu hücumu pisləyir və bunu qanunlarımıza qonaqlar tərəfindən göstərilmiş hörmətsizlik kimi başa düşürük".
Lakin buna baxmayaraq Shannon "dava-dalaşı dayandırmağa çalışan" Türkiyə səfiri Serdar Kılıcın hərəkətlərini təqdir edib, hərçənd səfir Türkiyə cangüdənlərinin ittiham olunmasına etiraz bildirib.
"The Guardian" bunu da qeyd edir ki, illik ABŞ-Türkiyə işgüzar konfransı bu il Washington-da yeni bir məkanda - Trump İnternational Hotel mehmanxanasında keçirilirdi.
Konfransın sponsorlarından biri də Türkiyə-ABŞ Biznes Şurasının sədri Kamil Ekim Alptekindir.
Onun təşkilatı Trump-ın keçmiş təhlükəsizlik müşaviri Michael Flynn-ə məxsus Flynn Intel Group şirkətinə 500 min dollar ödəniş edib. Alptekin həm də Rusiya ilə əlaqələrə malikdir.
Konfransın təşkilatçıları deyirlər ki, təbdirin yeri Washington Ritz-Carlton otelindən dəyişdiriləndə Trump hələ prezident seçilməmişdi. Lakin hökumətin etika ekspertləri tədbirin Trump-a aid məkanda keçirilməsini ABŞ Konstitusiyasının korrupsiyaya dair müddəalarına zidd hərəkət kimi qiymətləndirirlər.