26 May 2017
Mətni dəyiş
Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsi radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycana gətirdiyi ənənələr nədir?
- Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycana gətirdiyi ən böyük ənənə dövlətçilik ənənəsidir. Çünki uzun illər idi ki, Azərbaycan öz dövlətçiliyini itirmişdi. Və faktiki olaraq iki böyük dövlət arasında bölünmüş vəziyyətdə olan bir hala gəlmişdi. Azərbaycanda AXC Cənubi Qafqazın əksər ərazilərində Azərbaycan dövlətini yaratmağa nail oldu. Bu dövlətin ən mühüm xüsusiyyətlərindən biri də müstəqil dövlət olması idi.
Həmin dövrdə Gürcüstanda da, Ermənistanda da müstəqil dövlətlər yaranmışdı. Ancaq AXC tək müstəqil deyil, həm də demokratik, azad dövlət idi. Cumhuriyyət tipli dövlət idi. Parlamentli respublika idi. Bu baxımdan AXC həmin dövrdə Rusiya imperiyası ərazisində yaranmış digər dövlətlərdən əsaslı surətdə fərqlənirdi.
- Bu ənənələr bu günlə müqayisədə qorunub saxlanılırmı? Deyək ki, dövlətin idarəetmə prinsipləri, azad fikir, insan hüquqlarına, mətbuata münasibət o vaxtla müqayisədə bugünkü dövrdə necədir?
- Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bu müddət ərzində Azərbaycanda çoxpartiyalı sistem formalaşdı. Azad və ədalətli seçkilər keçirildi, xalqın iradəsi ilə parlament yaradıldı. O dövrün ən mühüm məsələlərindən biri qadınlara səsvermə hüququ verildi. Bütovlükdə AXC nəinki o dövr üçün hətta bu gün üçün nümunə olacaq demokratik tipli bir cümhuriyyət idi.
Təəssüf ki, sovet hakimyyəti qurulduqdan sonra bu ənənələr aradan qaldırıldı və Azərbaycan yenidən sovet imperiyasının ərazisinə daxil edildi, burada avtoritar idarəçilik sistemi tətbiq edildi. 1991 ci il oktyabrın 18-də biz AXC-nin bərpa olunması ilə bağlı qərar qəbul etdik. 1992-1993-cü illərdə təxminən bir il ərzində həmin cumhuriyyətin ənənələri davam etdirildi. Yenidən çoxpartiyalı sistem, azad və ədalətli seçkilər, söz və mətbuat azadlığı, bütün bu hüquqlar vətəndaşlara qaytarıldı.
Təəssüf ki, 1993-cü ildə hərbi qiyam yolu ilə Elçibəy hakimiyyəti devrildikdən sonra yenidən Azərbaycanda avtoritar quruluş formalaşdı. 1993-cü ildən sonrakı bütün mərhələlərdə ölkədə nəinki demokratiya inkişaf etdirilmir, əksinə Azərbaycan cəmiyyətinin həmin illərdə əldə etdiyi demokratik uğurlar, həmin illərdə yaranmış demokratik institutlar məhz Əliyev rejimi tərəfindən məhv edilib sıradan çıxarılmaqdadır.
- Azəbaycan Xalq Cümhuriyyətinin varisi olan indiki Azərbaycan Respublikası o dəyərlərin qorunub saxlaması üçün nələr etməlidir?
- Əslində heç nəyi kəşf etməyə ehtiyac yoxdur. Bir daha qeyd edirəm ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək Azərbaycan Xalq Cümhuriyyəti dövrünün həmin dövlətini Azərbaycanda elan etdi. Yəni, bu, yeni bir dövlət deyil. Həmin dövlətin davamçısı olan bir dövlətdir. İndi demokratiya çox inkişaf edib. Demokratik baxımdan o dövrlə müqayisədə xeyli dərəcədə inkişaf etmiş demokratik ənənələrə uyğun olan dövlətlər var, ənənələr var. Bir çox konvensiyalar var. İstər insan hüquqlarına, istər azad və ədalətli seçkilərə, hüquq bərabərliyinə dair, digər məsələlərlə bağlı nümunələr dünyada yaranıb, mövcuddur.
Elə Azərbaycanın Konstitusiyasında olan müddəalara əməl olunması lazımdır. Təəssüf ki, Azərbaycan hakimiyyəti deklarativ olaraq ölkədə demokratik idarəçilik sisteminin tətbiq olunduğunu bəyan etsə də faktiki olaraq Azərbaycanda monarxiya rejimi yaradıb. AXC ənənələrini saxlamır. Bu cür idarəçilik əslində Azərbaycan Konsitusiyasına da ziddir. Çünki Azərbaycan Konsitusiyasında bu gün də qüvvədə olan Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktında qeyd olunur ki, bu dövlət, yəni indiki Azərbaycan Respublikası AXC-nin varisidir.
AXC-nin yaratdığı ənənələr həmin dövlətin dövründə olan idarəçilik sistemi olduğu kimi indiki dövrə tətbiq olunmalıdır və inkişaf etdirilməlidir. Daha da müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ancaq təəssüf ki, biz bunun tamamilə əksini görürük. Bu gün mövcud olan Azərbaycan hakimiyyəti nəinki Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini qoruyub saxlamır, əksinə AXC-nin qurduğu dövlətin prinsiplərinə uyğun idarəçilik sistemi həyata keçirmir. Təsadüfi deyil ki, bu gün hakimiyyətdə olan qüvvələr əslində Azərbaycanın qanun və konstitusiyasına görə AXC-nin varisi olan dövlətə rəhbərlik etsələr də həmin cümhuriyyətin özünə, onun qurucularına qarşı qısqanc, mənfi münasibət bəsləyirlər.
100 il əvvəl və indiki dövrü müqayisə edərkən geopolitik situasiya Azərbaycan müstəqilliyi üçün hansı təhlükələr yaratdı və indi də bu təhlükələr qalırmı?
- Azərbaycan dünyanın çox mühüm geopolitik məkanında yerləşir. Tarixən belə olub. İpək yolu buradan keçib, bir çox kommunikasiyalar Avropa və Asiyanı birləşdirən bir çox kəmərlər, yollar Azərbaycan üzərindən keçir. Bu baxımdan Azərbaycan dünya üçün əhəmiyyətli dövlətlərdən biridir. Heç şübhəsiz ki, bu dövlətdə, bu ərazidə maraqları olan dövlətlər var. Və bu dövlətlər güclü dövlətlərdir. Azərbaycan adlı bir dövlətin mövcudluğu, məsələn, İran üçün problemlər yaradır. Çünki İranda 30 milyondan çox azərbaycanlı yaşayır.
Ona görə bu, İranı daim gərginlikdə saxlayır. Azərbaycana qarşı onun mövqe tutmasını stimullaşdırır. Rusiya öz sərhədlərini cənuba doğru artırmağa çalışır. Ən azı bu ərazidə öz təsir imkanlarını artırmağa çalışır. Ona görə Azərbaycana təzyiq göstərir. Ermənistan daim böyük ərazi iddiaları ilə yaşayan xalqın dövləti olaraq fəaliyyət göstərib. Azərbaycan üçün ən böyük təhdidlərdən biri Ermənistanın məhz Rusiya ilə müttəfiq olması ilə bağlıdır. Bu təhlükələr mövcuddur.
Azərbaycan xalqı bu təhlükələr barədə düşünməlidir. Həm Azərbaycan ərazilərinin qorunması, Dağlıq Qarabağ probleminin həlli, eyni zamanda təkcə Şimali Azərbaycan xalqının yox, bütün dünyada olan 50 milyondan artıq azərbaycanlının, Azərbaycan türklərinin mənafeyini müdafiə etmək məqsədilə indiki ərazidə, Şimali Azərbaycanda olan ərazidə ərazi bütövlüyünü təmin etməklə güclü, demokratik bir dövlət yaratmağa nail olmalıdır ki, bütövlükdə həm AXC-nin ideyalarını həyata keçirtmək mümkün olsun, həm də Azərbaycan ərazisində müstəqil dövlətin qorunub saxlanması, demokratik bir cəmiyyətin yaradılması mümkün olsun.
[embed]https://www.youtube.com/watch?v=NiEEJKbdXFo[/embed]