31 May 2017
Mətni dəyiş
Amnesty International (Aİ) təşkilatı Tbilisidə yaşayan, "Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən" saxlanılmış və sərhədi qanunsuz olaraq keçmək və qaçaqmalçılıqda ittiham edilən jurnalist Əfqan Muxtarlını "vicdan məhbusu" adlandırıb.
"Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azad olunmalı və işgəncə və digər qəddar rəftardan qorunmalıdır", Aİ təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Asatiani deyib.
Gürcüstanın paytaxtı Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı bazar ertəsi günü axşam saatlarında yoxa çıxıb. Daha sonradan onun vəkili deyib ki, cənab Muxtarlı DSX tərəfindən saxlanılıb və Bakıya gətirilib.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, jurnalist sərhədi qanunsuz olaraq keçmək və qaçaqmalçılıqda ittiham edilir və çərşənbə günü onun məhkəməsi baş tutmalıdır.
Cənab Asatiani hadisəni "uzun müddətdir jurnalistlər və hüquq müdafiəçilərinə təzyiqlə tanınan ölkə üçün dərin kədərli hal" adlandırıb.
O, həmçinin ehtimal edib ki, "Əfqan Muxtarlının oğurlanmasında və məcburi Azərbaycana qayıtarılmasında Gürcüstan hakimiyyətinin də əli olub".
"Gürcüstan nə baş verdiyini operativ və qərəzsiz araşdırmalı və bu dəhşətli əməliyyatda iştirak edənləri məsuliyyətə cəlb etməlidir," Levan Asatiani deyib.
Gürcüstanın Daxili işlər Nazirliyi (GDİN) bildirib ki, jurnalistin "oğurlanması" ilə bağlı Cinayət Məcəlləsinin 143-cü -azadlığın qanunsuz məhdudlaşdırılması maddəsi ilə araşdırma aparılır. GDİN jurnalistin Bakıya gətirilib-gətirilməməsi ilə bağlı əlavə şərh verməyib.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən şərh almaq mümkün olmayıb.