26 May 2017
Mətni dəyiş
ABŞ Silahlı Qüvvələri Komandanlığı özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Mosuldakı mövqelərinə endirilən hava zərbələri nəticəsində 105 nəfər dinc sakinin həlak oluğunu etiraf edib.
Hərbçilərin bəyanatına görə, onların hədəfi İD-ə məxsus yüksək dəqiqliyə malik iki snayper olub. Lakin hərbi hava zərbələri nəticəsində binalardan birində saxlanılan döyüş sursatları partladılıb.
Hücum zamanı binada olan dinc sakinlər həlak olublar. Hava zərbələrinin qurudakı şahidlərindən birinin sözlərinə görə, binada daha 36 nəfər silahsız insan olub.
Lakin ABŞ ordu komandanlığı belə bir məlumata sahib olmadığını bildirib.
Bir qədər əvvəl ABŞ hərbçiləri İraq hərbçilərinin Mosulu azad etməsi üçün belə hava zərbələrinə ehtiyac olduğunu bəyan etmişdi.
ABŞ hərbçiləri həmin binada dinc sakinlərinin olduğunu təxmin etməyin mümkün olmadığını söyləyiblər.
Bununla yanaşı, jurnalistlər hücum zamanı 200 nəfər dinc sakinin həlak olduğunu iddia edirlər.