Prezident Donald Trump-ın kürəkəni və baş məsləhətçisi Jared Kushner Rusiya araşdırması çərçivəsində Federal Təhqiqatlar Bürosunun (FTB) nəzarəti altındadır, ABŞ kütləvi informasiya vasitələri bildirir.
Məlumatlara görə, müstəntiqlər hesab edirlər ki, cənab Kushner müvafiq məlumata sahibdir, lakin bu, onun cinayət əməlində şübhəli olması demək deyil.
FTB Moskvanın 2016-ci ildə baş tutan ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları və Trump kampaniyası rəsmilərinin Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırır.
Donald Trump hər hansı sövdələşməni təkzib edir.
Cənab Kushner-in vəkili bildirib ki, onun müdafiə etdiyi şəxs istənilən sorğu ilə əməkdaşlıq edəcək.
Prezident Trump vəziyyəti "Amerika tarixində siyasətçinin ən böyük əcinnə ovu" kimi təsvir edib.
Adları açıqlanmayan ABŞ rəsmiləri NBC News-a deyib ki, 36 yaşlı cənab Kushner-in FTB nəzarətində olması, onu cinayət şübhəlisi etmir.
Ayrıca, Washington Post bildirib ki, müstəntiqlər cənab Kushner-in ötən il Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və Moskvadan olan bankirlə keçirdiyi görüşlərə xüsusi diqqət yetirir.
[caption id="" align="alignnone" width="976"]
Jared Kushner ABŞ prezidenti Donald Trump-ın qızı İvanka ilə evlidir[/caption]
Ötən həftə ədliyyə departamenti keçmiş FTB rəhbəri Robert Mueller-in Rusiya təhqiqatına nəzarət üçün xüsusi müşavir kimi təyin olunduğunu bildirib.
Konqres, həmçinin Rusiyanın 2016-cı il seçkilərinə ehtimal edilən müdaxiləsini və Trump kampaniyası ilə hər hansı bir əlaqəsini araşdırır.
Cənab Kushner artıq özünün Rusiya ilə əlaqələrini müzakirə etmək üçün Senatın Kəşfiyyat üzrə Komitəsi ilə razılığa gəlib.
Xüsusi araşdırmanın aparılması prezident Trump-ın ayın əvvəlində ən son FTB direktoru James Comey-i vəzifəsindən azad etməsindən sonra tələb edilib.
Ağ Ev cənab Trump-ın FTB rəhbərindən sabiq milli təhlükəsizlik məsləhətçisi Michael Flynn-in Rusiya ilə əlaqələri barədə araşdırmanı dayandırmasını istəməsi barədə iddialara görə böhrana bürünüb.
Cənab Flynn fevral ayında Rusiyanın ABŞ-dakı səfiri ilə ünsiyyəti barədə yalan dediyi bəlli olduqdan sonra vəzifəsindən istefa verib.
Rusiya dəfələrlə ABŞ prezident seçkilərinə müdaxilə etməsi barədə məlumatları inkar edib.