Neftin ucuzlaşmasından dolayı ötən il Azərbaycanda ərzağın bahalanmasına etiraz aksiyaları keçirildi. Amma polis təzyiqləri və sovet dönəmini yada salan mülkigeyimli polislər etiraz hərəkatını boğub.
"Reuters" xəbər agentliyinin müxbiri Azərbaycanda ötənilki etiraz aksiyalarına qatılmış vətəndaşlarla söhbətləşib.
"Kim həyatının qalan hissəsini həbsdə keçirmək istəyər?", – Özbək adlı taksi sürücüsü Qubada unun bahalanmasına etiraz etdiyinə görə bir aylıq həbs cəzası çəkdiyini deyib.
"BELƏ HÖKUMƏTİ DƏSTƏKLƏMƏK..."
Ötən ilin yanvarındakı etirazları polis su şırnağı, dəyənək və gözyaşardıcı qazla dağıdıb. "Reuters" yazır ki, etirazların belə sərt dağıdılması Azərbaycanla əməkdaşlıq edən Avropa Birliyi və AB firmalarına potensial problem yaradır. Əməkdaşlıqda məqsəd 2020-ci ilədək Azərbaycan qazını Avropa bazarlarına daşıyacaq kəmərlərin çəkilməsidir.
"AB bu layihəni Avropanın Rusiyadan enerji asılılığını azaltmaqdan ötrü istəyir. Ancaq dinc etirazçıları təqib edən, ona qarşı çıxanları həbsə atdıran hökuməti dəstəkləyən kimi də görünmək istəmir", – məqalədə deyilir.
Müxbir Quba, Siyəzən və Şabranda etirazçılarla söhbətlərdən belə qənaətə gəlib ki, hökumətin onlarla rəftarı siyasətçiləri narahat etməlidir. Həmin şəxslər kütləvi saxlanmalardan və həbslərdən, dövlət idarələrindəki cəzalardan, polisin daha uzunmüddətli cəzalarla hədələməsindən söz açıblar.
Siyəzəndə Arun adlı tələbə orada 50-dək adamın saxlandığını söyləyib. Onun sözlərinə görə, çoxlarına bir aylıq cəza kəsilib, bəziləri içəridə 6 ay saxlanıb, bəziləri döyülüb.
Qubada aksiyadan görüntülər
[embed]https://flashvideo.rferl.org/Videoroot/Pangeavideo/2016/01/5/5f/5f4548aa-0b8b-43fb-8fe1-d02e678735f8.mp4[/embed]