12 Aprel 2017
Mətni dəyiş
Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist Hacı Zeynalovun 4-5 ildir tikdiyi və hələ başa çatdırmadığı evini dağıdıb.
Modern.az-ın məlumatına görə, bu barədə jurnalistin dostları məlumat veriblər. Jurnalistin ev tikməklə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənədlərinin olduğu bildirilir.
Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmədovadır.
Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib.
Abşeron rayon İcra Hakimiyyəti məsələylə bağlı mövqe bildirməyib.