Bakıda dindarlar məscidin sökülməsinə etiraz edirlər

Bakıda dindarlar məscidin sökülməsinə etiraz edirlər
12 Aprel 2017
Mətni dəyiş
Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 20-də yerləşən "Hacı Cavad" məscidinin söküləcəyi ilə bağlı bəzi insanlar arasında narahatlıq var.
Abzas.net xəbər verir ki, bu haqda AzadlıqRadiosuna hadisə yerində olan şəxslər danışıblar.
Bu gün, aprelin 12-si 200-ə qədər şəxs həm məscidin önündə, həm də daxilində gözləyərək buna mane olmaq istədiklərini deyirlər: "Hələlik söküntü başlamayıb, amma bizə məscidi boşaltmaqla bağlı xəbərdarlıq verilib".
Bu məscid çox hissəsi sökülmüş keçmiş "Sovetski" məhəlləsinə yaxındır. Onun söküləcəyi ilə bağlı cəmiyyət arasında çoxdandır narahatlıqlar dolaşır.
Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə məlumatları təkzib etmişdi.
İki gün öncə, aprelin 10-da isə vəkil Cavad Cavadov məscidin taleyinə aydınlıq gətirməkdən ötrü Yasamal rayon İcra Hakimiyyətinə sorğu göndərmişdi. "Bu məscidi Mədəniyyət və Turizm Nazirliyi yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edib. Məscidin sökülüb-sökülməməsi ilə bağlı vəziyyət qeyri-müəyyəndir", - deyə vəkil jurnalistlərə də bildirmişdi.
C.Cavadov əlavə etmişdi ki, sökülmə qərarı verildiyi halda həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi məsələsi nəzərdən keçiriləcək: "Lakin reallıqda bu tipli söküntülərin ildırım surəti ilə həyata keçirildiyini anlayırıq. Yenə də inanırıq ki, belə niyyətləri olan məmurlar bundan vaz keçəcəklər".
Vəkilin sorğusuna, hələlik, cavab verilməyib.
Hazırda Yasamal rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev də hadisə yerindədir. Ancaq məsələ ilə bağlı o, jurnalistlərin sualına cavab verməkdən imtina edib.
Hadisə yerində indi polislərin də olduğu bildirilir.
Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu milad təqvimi ilə XIX əsrə düşür.
Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun