25 Aprel 2017
Mətni dəyiş
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarından, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən 2017-ci il aprelin 1-nə qədər 423,5 mln. ton neft və 131 mlrd. kubmetr qaz hasil edilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya Ticarət, Logistika, Neft Emalı,Neft-kimya” forumunda çıxışı zamanı biildirib:
“Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. 2017-ci il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 237 mln. ton mənfəət nefti satılıb”.
Şirkət rəsmisi qeyd edib ki, bu il aprelin 1-nə qədər dünya bazarına 443 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 328 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.
"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
"AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.