30 Mart 2017
Mətni dəyiş
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” 2016-cı ildə əldə etdiyi mənfəətindən 600 mln. Türkiyə lirəsi (283,56 mln. manat) məbləğində sərmayədarlara divident ödəyəcək.
“Report” xəbər verir ki, bu barədə “Petkim”in 2016-cı il fəaliyyətinə dair İdarə Heyətinin martın 29-da keçirilən iclasında qərara alınıb.
“SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividentin həcmi 306 mln. lirə (144,616 mln. manat) olacaq. İclasda dividentlərin aprelin 14-də paylanmasına qərar verilib.
“Petkim” 2016-cı ildə 725,786 mln. lirə həcmində xalis mənfəət əldə edib, xalis paylana bilən mənfəəti isə 690,645 mln. lirə təşkil edib.
İclasda ötən il dekabrın 15-də İdarə Heyətinin qərarı ilə Holdinqin 2017-ci il fəaliyyətinin auditini aparmaq üçün seçilən “PwC” (“Pricewaterhouse Coopers”) şirkətinin audit aparması səs çoxluğu ilə qəbul edilib.