1 Mart 2017
Mətni dəyiş
Mikayıl Müşfiqin büstünün sökülməsi ilə bağlı "Azəravtoyol" açıqlama verib və yaranan vəziyyətlə bağlı ictimaiyyətdən üzr istəyib.
"Azəravtoyol" ASC-dən bakipost.az-a verilən məlumata görə, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraşısı "Azəravtoyol" ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.
Bununla da öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.
Həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.
"Azəravtoyol" ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.
Fevralın 27-dəMikayıl Müşfiqin büstünün İnşaatçılar prospekti, “Statistika dairəsi” adlanan ərazidəki parkdan götürüldüyü məlum oldu. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Layihə İdarətmə Qrupunun rəhbəri Valeh İbrahimov buna səbəb kimi ərazidə yolun genişdirilməsini göstərdi. İş bitəndən sonra heykəlin yerinə qoyulacağını bildirdi.
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva repressiya şairinin abidəsinin sökülməyinə etiraz edib. O, bu hərəkəti vandalizm, barbarlıq və şairin xatirəsinə təhqir hesab edir. Nərgiz Paşayeva dövlət orqanlarının məsələyə təcili müdaxiləsini və günahkarların cəzalandırılmasını tələb edib.
Mədəniyyət Nazirliyi isə açıqlama yayaraq bildirdi ki, şirkət şairin abidəsinin götürülməsi ilə bağlı onların razılığını almayıb.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İlham Əliyevin məsələyə sərt reaksiya verdiyini deyib:
"Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir. Belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar”.
Heykəlin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı, heykəltəraş Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.