25 Mart 2017
Mətni dəyiş
Əfv sərəncamı ilə azadlığa çıxan keçmiş gənc siyasi məhbus, AXCP üzvü Elvin Abdullayev saytımıza müsahibə verib. Müsahibədə həbsxana həyatından, gələcək planlarına, həbsxanadan yazdığı cəmiyyətdə ziddiyətlə qarşılanan məktubuna qədər bir çox məsələlərdən danışdı. Abzas.net olaraq siyasi fəaldan aldığımız müsahibəni təqdim edirik.
Xoş gördük, Elvin bəy. İlk öncə azadlığa çıxmağınız münasibətilə təbrik edirik. Ondan başlayaq ki, siz həbsdən əvvəl müxalif düşərgəyə yeni qoşulmuşdunuz, Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv olmağınızdan bir neçə ay sonra gözlənilmədən həbs olundunuz. Həbsinizi gözləyirdinizmi?
Açığı gözləyirdim. Hakimiyyətin ən həssas yerlərindən biri universitetlərdir. Hətta sənin heç bir ciddi fəaliyyətin olmasa belə, tanınmış siyasi fiqur olmasan belə, əgər, universitetdə təbliğat aparırsansa, tələbələrdə müxalif fikirlər yarada bilirsənsə, hakimiyyət bunu özü üçün həddən ziyadə böyük təhlükə hesab edir. Dünya təcrübəsinə baxsaq, diktatura hökm sürən ölkələrin çoxunda köklü dəyişiklikləri tələbələr ediblər. Mən də bilirdim ki, universitet Azərbaycan hakimiyyətinin zəif yeridir. Mənim təhsil aldığım Azərbaycan Pedoqoji Universiteti Fəvvarələr Meydanına yaxın yerləşdiyi üçün strateji mövqe sayılır. Oradan tələbələrinin etiraz aksiyalarına çıxması bir qığılcım ola bilərdi. Xüsusən də, Avropa Oyunları öncəsi bu hakimiyyətə lazım deyildi. Ona görə, düşünürəm ki, məni həbs etdilər.
Deyirsiz ki, tələbələrin etiraz aksiyalarına çıxması qığılcım ola bilərdi, hakimiyyət də bunu istəmədiyi üçün, məni həbsə atdı. Siz ciddi şəkildə etiraz aksiyalarına hazırlaşırdınızmı? Etiraz aksiyaları gözlənilirdimi ki, hökumət də bilib, qarşısın almaq üçün sizi həbs etdi?
Bilirsiz, o mərhələyə çatmasa da, o mərhələyə çatdırmaq üçün çalışırdım. Universitetlərdə materiallar paylayırdım. Məsəl üçün, 1978-ci ildə Heydər Əliyevin 10 oktyabr çıxışını tələbə yoldaşlarıma göstərirdim. Beləliklə, tələbələrdə müxalif fikir yarada bilirdim. Universitetdə xüsusi xidmət orqanları ilə əlaqəli müəllimlər, dekanlıq var idi ki, gedib çatdırırdılar. Hakimiyyət də məni özlərinə təhlükə hesab edib həbs etdi.
Elvin bəy, sizi polis əməkdaşları idarəyə gətirəndə, sizə bəlli olandakı sizi narkotik vasitə ilə həbs edirlər, onda nə düşündünüz, nə hisslər keçirdiniz?
Açığı, mən həbsə tam hazır idim. Məni mülki geyimli şəxslər Sahil bağında həbs edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirəndə, artıq bilirdim məni nə gözləyir. Hər adamda olduğu kimi həyəcan, stress olsa da, ciddi şəkildə hazır idim. Heç bir narahatlıq keçirmirdim.
Sizi idarəyə gətirəndə nə deyirdilər? Sizi nəyə görə həbs etdiklərin deyirdilər?
Məni idarəyə gətirəndə sosial şəbəkələrdəki tənqidi yazılarımla bağlı irad bildirmirdilər. Onlar mənə universitetdə apardığım təbliğatlarla bağlı irad bildirirdilər. Daha sonra idarənin əməkdaşları mənə fiziki zor tətbiq etməyə başladılar.
Siz ilk məhkəmə prosesinizdə etiraz olaraq hakimlərə arxanızı çevirdiniz, hakimlər məhkəmə prosesini təxirə saldı. Bundan sonra sizə qarşı hansı addımlar atıldı?
Mən məhkəmədə hakimlərə arxa çevirməkdən əlavə gözləmə otağında müxalif təbliğat aparırdım, təcridxanada digər kameralarla danışıb təbliğat aparırdım. O cümlədən, məhkəməyə gətirilərkən komvoyda hakimiyyət əlehinə təbliğatlar aparırdım. Təcridxanada mənə Asif Yusfli və İntiqam Əliyevlə danışmağı qadağan etsələr də, mən buna məhəl qoymurdum. Artıq təxribat hazırlamışdılar və təcridxana əməkdaşınə öyrətdilər, məni təhqir etdi. Mən də etirazımı bildirəndə məni cərimə kamerasına saldılar. Heç bir şey etməmişdim mən.
Elvin bəy, həbsxanada zamanınız necə keçirdi? Hər hansısa bir məsələ ilə bağlı fikriniz olanda kimə deyirdiniz, hara yazırdınız?
Mənim qeyd dəftərim olurdu, mən fikirlərimi qeyd kimi dəftərə yazırdım. Ancaq dəfələrlə kamerada axtarış zamanı nəzarətçilər qeyd dəftərlərimi müsadirə etdilər. 4 dəfə axtarış-baxış zamanı dəftərimi məndən müsadirə etdilər, içində nə qədər məqalələrim getdi. Ondan sonra mən 5-ci dəftəri tutmadım.
Həbsxanada bəlli olandakı siz azadlığa çıxırsınız, sevinənlər, sizinlə bu sevinci bölüşənlər oldumu?
Azad olunmağıma sevinənlər də çox oldu, sevinməyənlər də. Sevinməyənlər o insanlar idi ki, onlar İrana Xomeyniyə bağlı insanlar idi. Onlar məni heç təbrik də etmədilər. Hətta dedilər ki, inşallah yenidən qayıdarsan həbsxanaya. Əsasən də Ayətullah Xomeyninin, Hacı Tale Bağırzadənin, Abgül Süleymanovun tərəfdarları idi. Onlarla mənim dəfələrlə mübahisəm düşmüşdü. Çünki, onlar İranın və Xomeyninin təbliğatını aparırdılar. Bu adamların İran xüsusi xidmət orqanları ilə birbaşa əlaqələri var idi. Onlar həbsxanadan İran təbliğatı aparıb insanlara aşılamağa çalışırdılar, biz də əks təbliğat aparıb insanlara milli ruhu aşılayırdıq. Deyirdik ki, İran agentlərinə inanmasınlar, onların İran xüsusi xidmət orqanları ilə əlaqəsi var.
Elvin bəy, xüsusən siyasi məhbus kimi tanınan şəxslər həbsdə olanda, konfliktlərə səbəb olacaq, birmənalı qəbul edilməyəcək açıqlamalar vermirlər. Ancaq biz gördük ki, Elvin Abdullayev həbsxanadan yazı göndərdi, Müsəlman Birliyi Hərəkatını, xüsusən də Hacı Tale Bağırzadənin əlehinə fikirlər səsləndirdi. Belə həssas məqamda zəruri idimi həbsxanadan o yazını göndərmək?
Bəli, o mənim neçə vaxtı yazmaq istədiyim fikirlərim idi. Mən dəfələrlə yazmaq istəmişəm bu barədə, ancaq həbsxanada dəftərlərimi nəzarətçilər müsadirə edəndə məqalələrim də içində gedirdi. Bilirsiz, belə bir el misalı var: "Min dəfə eşitməkdənsə, bir dəfə görmək lazımdır". Mən o insanların iç üzün yaxından görmüşəm. Hacı Tale Bağırzadənin də, Abgül Süleymanovun da. Onların yanında Xomeyniyə, Əli Xamneyiyə aid mənfi bir şey danışanda onlar elə bir aqressiv reaksiya verirlər ki, elə bil, siz onların yaxın qohumların təhqir etmisiniz. Hətta fiziki güc tətbiq etmək hədəqəsinə gəlirlər.
Yenidən suala qayıdaq, həbsxanada nə baş verdi ki, siz bu yazını yazmaq qərarına gəldiniz? Çox adam düşünürdü ki, siz həbsdən azad olunmaq üçün yazmısınız. Yazıyla həbsdən azad olunmağınızın əlaqəsi varmı? Hansı situasiyada yazdınız o yazını?
Xeyr, bunun həbsdən azad olunmağımla heç bir əlaqəsi yoxdur. Dediyim kimi, dəfələrlə dəftərlərim müsadirə edildi və içində məqalalərim getdi, göndərə bilmədim. Həm də məqam gözləyirdim ki, məqamında yazım. Sonuncu dəfə Hacı Tale Bağırzadənin tərəfdaşları ilə ciddi mübahisələrim oldu həbsxanada. Bundan sonra, yenidən yazmaq qərarına gəldim. Mənim azadlığa çıxmağıma çox az müddət, cəmi bir neçə ay qalmışdı. İlham Əliyev məni əfv sərəncamı ilə azad etməklə, mənim üzərimdən divident qazanmağa çalışdı. Zatən cəza müddətim bitirdi, qısa zamanda azadlığa çıxacaqdım. O məqaləylə azadlığa çıxmağımın heç bir əlaqəsi yoxdur.
Siz Hacı Tale Bağırzadə və həbs olunmuş tərəfdarlarını siyasi məhbus hesab edirsinizmi?
Xeyr, ola bilsin əlavə də qondarma ittihamlar olsun, ancaq onlar ümumilikdə vətənə xəyanət ediblər. İran meyilli olmağın özü belə vətənə xəyanətdir.
Siz də həbsdə olanda bəzi insanlar, qurumlar, xüsusən də hakimiyyətə yaxın dairələr sizi siyasi məhbus hesab etmirdi. Sizcə, bunun fərq nədədir?
Fərqli məsələlərdir. Mənim idealogiyam Bütöv Azərbaycançılıq, Turançılıq, Türkçülük, dövlətçilik üzərindədir. Hacı Tale Bağırzadə və tərəfdarlarının idealogiyası isə İran xüsusi xidmət orqanlarına işləmək, Xomeyniçi olmaq üzərində qurulub. Dediyiniz o hakimiyyətin və hakimiyyətə yaxın dairələrin idealogiyası isə pul, maddi maraqlar üzərində qurulub. Bunlar fərqli məsələlərdir.
Elvin bəy, sizin bu fikirlərinizə qarşı çıxan yaxınlarınız, dostlarınız, mübarizə yoldaşlarınız oldumu? Oldusa, bunu necə qəbul etdiniz?
Bəli, oldu. Xüsusən təmsil olunduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasında bunu düzgün qarşılamadılar. Ancaq mən milliyətçiyəm. Partiya nizamnaməsinin birinci bəndi Bütöv Azərbaycanla bağlıdır. Ola bilsin ki, partiyamızın siyasi xəttinə zidd addım atmışam, amma bu Nizamnamə çərçivəsində olub.
Sizcə ideologiyaya, prinsiplərə görə həbsə düşməyə dəyərmi?
Bəli, hətta ölməyə belə dəyər.
Bundan sonra nə düşünürsüz, həyatınızı necə davam etdirəcəksiniz?
Hansısa bir xarici universitetdə təhsil almağı düşünürəm. Ancaq bunu düşünməyə hələ çox vaxtım olacaq. İndi istirahət edirəm (gülür).
Elvin bəy, azadlığa çıxmağına görə kimə təşəkkür edirsiniz?
Mən mənə dəstək olduqları üçüb, azadlığa çıxmağıma çalışdıqları üçün təmsil olunduğum Azərbaycan Xalq Cəbhəsinə, vətəndaş cəmiyyətinə və beynəlxalq təşkilatlara təşəkkürümü bildirirəm. Hakimiyyətə isə sözüm odur ki, təcili qızıl amnistiya imzalayıb bütün siyasi məhbusları azad etsinlər. Siyasi, ictimai və sosial islahatlara gedib xalqın normal yaşayışını təmin etsinlər.