6 nəfərlik komanda, 100 km yürüş və 384 uşağın sevinci [Müsahibə - fotolar]
8 Mart 2017
Mətni dəyiş
Cavid Qara "Camping Azerbaijan" lahiyəsinin yaradıcısıdır. O ölkənin regionlarına yerli və xarici iştirakçılardan ibarət turlar təşkil edir. Ötən yeni ildə onların "Şaxta baba ucqar kəndlərdə" lahiyəsi sosial şəbəkələrdə böyük marağa səbəb oldu.
Lahiyə çərçivəsində onlar ucqar kəndlərə çıxmış, orada yaşayan uşaqlara hədiyyələr apardılar. Abzas.net redaksiyası Cavid bəylə, turlar, regionlar, şaxta baba layihəsi barədə müsahibə edib. Həmin müsahibəni sizə təqdim edirik.
- "Camping Azerbaijan" fəaliyyəti barədə öyrənmək istərdik. Nə zaman və kim tərəfindən yaradılıb, tam olaraq işiniz nədir?
- Uşaqlıqdan həmişə araşdırmaya, təbiətə marağım olub. Sonra məktəb illərində, yay məktəbində kəndə gedirdim, kənd təsərrüfatına kömək edirdim, dağları gəzirdim. Sonra universitet vaxtında "Təbiət dostları" kimi bir sıra təşkilatlarla Lahıc və başqa gəzməli yerlərə getdik, amma həmişə içimdə daha çox kəşf etmə, araşdırma eşqi var idi. Nəticə etibarilə, 1 il əsgər olduğum müddət ərzində boş vaxt tapan kimi əslində nə etmək istədiyimi fikirləşdim və qərara gəldim ki, öz sahəm üzrə təhsilimi davam etdirmək və kariyera qurmaq istəmirəm, öz sahəmə sevdiyim iş kimi yox, sadəcə akademik yanaşıram.
Mən Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişəm. Amma həyat tərzi, fəaliyyət, qazanc mənbəyi kimi bütün maraqlarımı birləşdirdim və qərara gəldim ki, ofisdə oturub işləmək deyil, kəşf etmək, turistlərlə, xaricilərlə ünsiyyətdə olmaq, Azərbaycanı araşdırmaq istəyirəm. Maraqlarımı birləşdirdikdən sonra son nəticə olaraq tur bələdçisi ola biləcəyimi düşündüm. Pul qazanıb, sonra hardasa istirahət etmək fikrim yox idi, pul qazananda istirahət etmək, istirahət edəndə pul qazanmaq haqda düşünürdüm. Əsgərlikdən gələndən sonra "Camping Azerbaijan" adı altında bütün araşdırmalarımı "Facebook"-da paylaşmağa başladım. Test üçün belə bir şey etdim, marağın hansı dərəcədə olacağını yoxlamaq istəyirdim, həm də həmin vaxt ümumiyyətlə Azərbaycanda bu sahə üzrə işlər görülmürdü, bu cür davamlı turlar təşkil edən təşkilat yox idi. Sonra insanlarda maraq yarandığını gördüm, artıq onlar bizə necə qoşula biləcəklərini soruşurdular. İnsanlar bunun təşkilat olduğunu düşünürdülər.
Maraq olduğunu gördükdən sonra turları başlatdım, ilk tura 20 nəfər gəlmişdi. Simvolik olaraq Abşeron Milli Parkına bu turu keçirəcəkdik, ancaq o qədər boşluq var idi ki, hansı tur olsa insanlar gəlmək istəyirdi. Sıfır təcrübə ilə Şahdili burnu boyunca 8 km məsafə qət etdik və Abşeron yarımadasının başlanğıcından Azərbaycanın quru sahəsindəki ən ucqar nöqtəsinə kimi getdik. Bu bizim üçün zirvələrə doğru başlanğıc sayılırdı. İlk bir il ərzində demək olar ki, rəqib yox idi və istənilən ideyaya dəstək var idi. Sonra yavaş-yavaş rəqiblər yaranmağa başladı. 2014-cü ilin noyabrından bu fəaliyyətlə məşğuluq, əvvəlcə tək olsam da, sonradan artıq bir neçə nəfər qoşuldu və komanda yarandı. Bu müddət ərzində eyni fəaliyyətlə məşğul olan müxtəlif təşkilatlar, şirkətlər ortaya çıxdı. Onların bəziləri yarı yolda dayandı, bəziləri isə fəaliyyətlərinə davam edirlər. Biz də rəqiblərimizə baxaraq, müqayisə aparırıq və öz səhvlərimizi, düzlərimizi müəyyənləşdiririk.
- Bəs indi turlarda neçə nəfər iştirak edir, neçə nəfər sizə qoşulur? Əsasən yerli, yoxsa xarici turistlər çoxluq təşkil edir?
- Komandamızda artıq 5 nəfər var. Onlardan biri sağlamlığına görə hazırda daha ehtiyatlı davranır, digər 4 nəfər isə aktiv fəaliyyət göstərir. Artıq hər həftəsonu turlar təşkil edirik, ancaq bəzən fərdi sifarişlər əsasında həftə içi də fəaliyyət göstəririk. Artıq bir çox xarici şirkət bizə xüsusi proqramlarla müraciət etməyə də başlayıb. Bir günlük turlara daha çox yerlilər gəlir, ancaq iki günlük və zirvə turlarına daha çox xaricilər gəlir. Təbii ki, burda maddiyyat da önəmlidir, ikinci növ turlara azərbaycanlıların gəlməsi onların maddi durumları səbəbi ilə də alınmır. Ancaq xaricilər, səfirlik işçiləri, Bakıda yaşayan xarici şirkət nümayəndələri daha çətin turlar üçün bizlərə qoşulur.
- Turların əsas marşrut istiqaməti hansıdır və insanlar daha çox hansı bölgələrə maraq göstərir?
- Daha çox özümüzün tanıdığı Quba, Qusar, İsmayıllı ərazilərinə gedirik. Çünki, getdiyin ərazini çox yaxşı tanımalısan. Məsələn, hansısa turist səndən səfər zamanı ətrafdakı bir dağın adını soruşsa və sən bilməsən, bu vaxt onun səni ciddiyə almasında da problem yaranacaq. Təkcə marşrutu bilmək önəmli deyil, gərək ətraf ərazini də yaxşı biləsən ki, həmin bölgədə yaxşı tur təşkil edəsən. Ona görə də bir "puzzle" kimi ərazimizi yavaşca genişləndiririk və dediyim bölgələrdə marşrutlar bir-birinə sıxlaşır. Gələn turistlər əsasən bizdən cənub bölgəsini soruşur, həmin əraziləri görmək istəyirlər.
- Bəs həmin istiqamətdə turlar təşkil etmək planınız var?
- Yaz fəslindən başlayaraq, cənubda da turlar təşkil edəcəyik, ancaq əvvəlcə o ərazini yaxşıca bilməliyik. Bələdçilərimizdən birinin əslən cənublu olması da, bizə üstünlüklər verir.
- Növbəti planlarınız nədir, nə kimi yeniliklər gətirmək istəyirsiz?
- Ümumiyyətlə, biz bu işə sadəcə qazanc mənbəyi kimi baxmırıq. Əgər elə baxsaq, insanların tanıdığı və getmək istədiyi Xınalıq, Laza kimi bölgələrə hər həftə sonu turlar təşkil edərik və bütün komanda da lazımi qədər qazanar. Ancaq bu iş bizim həyat tərzimizdir və biz daha çox yeniliklər etmə arzusundayıq. Hər gün axtarırıq, araşdırmalar edirik, yeni kəşflər düşünürük. Məsələn, İsmayıllıda məktəbi, yolu olmayan ucqar kəndlər var, yaxud böyük marağın olduğu cənub bölgəsi və ya Zaqatala, bunlar bizim gələcək planlarımız daxilindədir.
- Həm etnik, həm də təbiət baxımından zəngin olan Balakən, Zaqatala ilə bağlı hansısa planlarınız varmı?
- Balakən və Zaqatala doğurdan da etnik cəhətdən çox zəngin bölgələrdir. Ancaq, əsasən həftəsonu turlar təşkil etdiyimiz üçün, vaxt məhdudiyyəti və məsafənin xeyli uzaq olması bu cür turların təşkilini çətinləşdirir. Ona görə də, daha çox Quba, Qusar, İsmayıllı, Xızı, Şamaxı, Şabran bölgələrinə, yaxın ərazilərə üstünlük veririk. Zaqatala, Şəki, Gəncəbasarda isə hazır fərdi marşrutlarımız var və əsasən fərdi sifarişlərlə gedirik. Çünki ora bir-iki günlük tur təşkil etmək, ya çox stressli olacaq, ya da məhsuldar olmayacaq.
- Bəs kamp tərziniz necədir? Yanınızda ağırçəkili əşyalar da götürürsünüzmü?
- Mən başlayanda "Camping Azerbaijan" adı ilə başladım, turlardan əvvəl özüm hansısa əraziyə gedib, gəzirdim, qalırdım və bunları sosial şəbəkələrdə paylaşırdım. Ancaq indi fəaliyyət təkcə "camping"-dən ibarət deyil. Əgər camping sözünün terminoloji açılışını düşünsək, bir yerdə çadır qurub qalmaq deməkdir. Bu halda ola bilər ki, ağır ləvazimatları, yeməkləri maşınla da apara bilərsən. Buna alternativ isə "back bakcing" hesab olunur. Belədə isə sən özünə lazım olan ləvazimatıarı ancaq çantanda daşıya bilərsən, xüsusi dizaynlı, ölçüsü, həcmi uyğun, çəkisi ağır olmayan və keyfiyyətli olmalıdır. Yay ərzində təşkil etdiyimiz turlar "camping – back backing" formatında olur, amma qış, yaz, payız ərzində turlar zamanı əsasən getdiyimiz bölgələrdən ailələrin evində qalırıq.
- Kamp zamanı yerli kəndlilərin evlərində qalırsınız, yoxsa başqa alternativləriniz varmı?
- Bu işə başlayanda müəyyən prinsiplərimiz var idi və onlara sadiq qalmağa çalışırıq. Birinci prinsipimiz ondan ibarət olub ki, biz heç vaxt kütləvi turizmə meyl etməyəcəyik. Tələbat və imkanımız olsa belə, biz heç vaxt 100-140 nəfərlik turlar təşkil etmirik. Limitimiz var, əgər avtobusun 20 nəfərlik tutumu varsa, maksimum 18 nəfər turist və 2 bələdçi olur. Xüsusi hallarda istək olsarsa, 25 nəfərlik və bir-birini tanıyan qrup olduğu zaman bəzən bu cür tur da həyata keçiririk. İkinci prinsipimiz təbiətə həssasiyyat, çevrə duyarlılığıdır. Belə ki, getdiyimiz yerdə təbiəti qorumaq, zibilləndirməmək və bu mövzuda insanları maarifləndirməkdir. Üçüncü və ən əsas prinsipimiz isə tur keçirdiyimiz yerlərdə yerli icmalarla əlaqə qurmaq və onlara xeyir verməkdən ibarətdir.
Əgər 15-20 nəfərlik bir turist qrupu dəfələrlə eyni kənddən keçirsə və insanlara xeyir vermirsə, onlarda zamanla əks-reaksiya yaranacaq. Bunun da səbəbi var, istər-istəməz həmin insanların həyatına hansısa formada müdaxilə edirsən, səs-küy yaratmaqla və ya şəklini çəkməklə narahat edirsən.
Elə tur təşkil edib qonaqlara deyə bilərəm ki, hər kəs özü ilə yemək gətirsin təbiətin qoynunda yemək yeyək. Amma biz insanların evində qalırıq, onlara da xeyrimiz dəyir. Bu həm eko-turzimin, həm də ümumiyyətlə ümumi biznesin prinsipidir. Hər bir şirkət fəaliyyət göstərdiyi sahədə hansısa sosial məsuliyyəti hiss etməlidir və onunla bağlı bərpaedici işlər görməlidir. Əgər hansısa şirkət qızıl mədəni işlədirsə, həmin ərazidəki kəndlərə bir xeyri olmalıdır ki, həmin insanların həyat tərzinə vurduğu zərbə bərpa olsun. Biz kəndlilərlə işlədiyimiz üçün çalışdıq ki, görəcəyimiz bütün sosial layihələr onlarla əlaqəli olsun.
Qubanın Dalıqaya deyilən bir kəndi var. Səhv etmirəmsə, o kənd Söhüb bələdiyyəsinə baxır. O kənddə 4 illik ibtidai məktəb vardı. Həmin məktəb bir müəllimin təşəbbüsü ilə tikilmiş, elə həmin müəllimin təşəbbüsü ilə də Təhsil Nazirliyi tərəfindən qeydə alınmışdı. Bu çox maraqlı bir hekayədir. Biz bu hekayəni paylaşandan sonra bir xanım xeyriyyə aksiyası olaraq, ora məktəb ləvazimatları, çantalar, uşaqlar üçün məktəbli geyimləri vermişdi. Kənd caamatı da bundan çox razı olmuşdu. Biz xeyriyyə məqsədi ilə iş görənləri ora yönləndirirdik. Bundan sonra Ekologiya və Təbii Sərvətlər naziri bu paylaşımı görüb, həmin kəndə gedib, məktəbin müəllimləri, eyni zamanda kənd sakinləri ilə görüşüb və uşaqlara məktəb ləvazimatları aparmışdı. Bəlkə də mahiyyəti o qədər də böyük deyildi, amma insanlar bunu o qədər sevinclə danışırdılar ki. "Cənab nazirimiz gəlmişdi, bizə nəvaziş göstərdi, uşaqlara ləvazimat payladı, bizlə xoş vaxt keçirdi" deyə sevinclərini bölüşürdülər.
Ümumiyyətlə, iqtidarda da, müxalifətdə də, Azərbaycanın ictimai-siyasi həyatının hər bir sahəsində kəndlilər unudulur, kəndlilər yoxdur. Onlar problemlərindən birtəhər çıxış yolu tapıb özləri üçün yaşayırlar. Biz isə, onları aktiv ictimai-siyasi həyata cəlb etmək istəyirik.
- Bəs, onlar dünyanın və ölkənin ictimai-siyasi həyatı ilə maraqlanırlarmı?
- Heç onlar da maraqlanmır. Məsələn, biz gedib çobandan bu barədə soruşsaq, deyəcək ki, kim gəlir, gəlsin mən yenə də qoyun otaracam, mənə heç bir fərqi yoxdur.
- Bəs kəndin oturaq əhalisi necə?
- Çox az insan maraqlanır. Onlar necə maraqlana bilərlər axı? Televiziya - bəllidir ki, maraqlı heç nə yoxdur. Radio-ümumiyyətlə, radio yoxdur, internet isə zəifdir. Onlar bizim kimi "Smartphone" işlətmirlər ki, rahatlıqla qoşula bilsinlər. İnformasiya blokadası, kiçik icmaların basqısı var, bələdiyyələrin təzyiqi güclüdür. Bu şəraitdə artıq maraqlansan belə, neyləyə bilərsən ki?
-Yəni, ucqar kəndlər vəziyyət göründüyündən daha pisdir?
- Xeyr, əksinə, vəziyyət daha yaxşıdır. İnsanların əsəbləri sakitdir və olduqları şəraiti qəbullanırlar. Məsələn, bizim qazımız yoxdur, yollarımız elə belə də olmalıdır. Yəni hər şey bu cür olmalıdır. Çünki onların gözləntisi yoxdur, heç şikayət də etmirlər, amma olduqları vəziyyətdən xoşbəxtdirlər. Çünki daha yaxşıları olmayıb, buna görə də əvvəlki daha yaxşıydı, indi isə pis deyə bilmirlər. Elə gəlib, elə gedir, belə də olmalıdır.
- Sizin Şaxta Baba geyimində kəndlərdəki uşaqlara hədiyyə aparmağımız sosial şəbəkələrdə və mediada çox danışıldı, hər kəs maraqlandı. Bu aksiyasını nə zamandan başlatmısınız?
- Artıq bunu 2 ildir ki, edirik. Birinci il 3 nəfər idik, 80 km məsafəni yürüş etmiş, 14 kənddə 220 uşağa hədiyyə paylamışdıq. Bu il isə, 6 nəfər getdik, 100 km məsafəni yürüş etdik və 384 uşağa hədiyyə verdik. Bu il hər şey daha yaxşı təşkil olunmuşdu, çünki bütün uşaqlar qeydə alınmışdı. Komanda böyük olduğundan hər kəs öz işini yerinə yetirirdi.
- Gələn il də eyni kampaniyanı aparmaq fikriniz var. Eyni uşaqlara hədiyyə aparacaqsınız, yoxsa dəyişiklik olacaq?
- Bizi qınayırlar ki, hər dəfə eyni yerlərə gedirsiniz, bu il fərqli kəndlərə gedin. Amma biz hər dəfə eyni yerlərə gedərək o uşaqlarla daha çox fərdi işləyə bilirik. Marketinq baxımından yanaşsaq, bizə hər dəfə fərqli kəndlərə getmək daha çox sərf edər, insanlara tamam fərqli hekayələr çatdırarıq.
- Maddi cəhətdən də daha yaxşı olar?
- Maddi yox, yəni, daha çox maraq cəlb etmiş olarıq. Əsas layihənin təqdim edilməsidir. Məsələn, mən keçən il o kəndlərə getmişəm, bu il də o kəndlərə gedirəm və bu kimsə üçün darıxdırıcı ola bilər. Hər dəfə fərqli yerlərə getsəm, sözsüz ki, daha maraqlı olar, amma biz hər dəfə eyni kəndə getməklə eyni uşağa daha fərdi yanaşa bilirik. Bu il biz onların şaxta babayla olan keçən ilki şəkillərini çatdırmışıq. O uşaqların bəlkə də, heç şəkli yoxdur. Bu il isə onların nə istədiyini soruşduq, gələn il onların istədiklərini çatdıracağıq.
Qeydlər aparmışıq - bu uşaq yaxşı şəkil çəkə bilir, bunun ədəbiyyata marağı var və s. Xüsusi istedadlı uşaqlarla bağlı fərqli planlarımız var. Ancaq hər dəfə fərqli kəndə getsək, o effekt yaranmayacaq bu bir tərəfə, digər tərəfdən artıq o uşaqlar yolumuzu gözləyirlər. Onlar gözləyirlər ki, şaxta baba gələcək. Biz gələn il getməsək, onların şaxta babaya olan inamı sarsılacaq, itəcək. Biz hər il əvvəlki kəndlər də daxil olmaqla, kənd sayını artırırıq.
-Növbəti il üçün nə qədər hədiyyə yığılacağını və nə qədər uşağa paylanacağını planlaşdırmısınızmı?
- Bizim indiki çevrəmizin imkanları nəyə qadirdir, komandanın imkanları nəyə çatır, biz nə qədər yol gedə bilərik, bütün bunları sentyabr-oktyabr aylarında qərar verəcəyik. Uşaq sayı isə hər dəfə keçən ilkindən daha çox olur. Bu il 384 idisə, gələn il təxminən, 500 olacaq.
- Keçən il bu qədər maraq oyatmamışdınız, bu il sanki, tam fərqli oldu. Nəylə əlaqədar idi bu ilki aşırı maraq?
- Burada maraqlı məqamlar var. Bu il təcrübəliydik deyə daha yaxşı təşkil edildi. Hədiyyələrin bölgüsü, ssenarinin qurulması, hədiyyələri harda paylamaq lazımdır, harda paylasaq maraqlı olar - hər biri barədə təcrübə vardı. Daha maraqlı bir məqam, biz paylaşımı keçən il daha gec-yanvarın 17-i etmişdik. Bu il isə, daha tez, ya yanvarın 3-ü, ya da 4-ü keçirtdik. İnsanlar artıq bunu gözləyirdi. Keçən il biz paylaşım edəndə ölkədə mövzu fərqli idi. Həmin ərəfələrdə Xəzər dənizində neftçilərin ölüm hadisəsi baş verdi, daha sonra rayonlarda aksiyalar keçirilirdi və bütün böyük səhifələrdə də bu hadisələr gündəmdə idi. Amma bu il bizim gördüyümüz iş barəsində olan paylaşımlar keçən illə müqayisədə 4 dəfə çox olub. Bu ciddi bir faktdır.
Bu dəfə gündəm boş idi, hamı pozitiv xəbəri gözləyirdi, hər kəs bunu paylaşırdı. Hətta siyasi səhifələr də bu barədə paylaşımlar edirdi. Aslan İsmayılov, Natiq Cəfərli və.s insanlar bunu paylaşırdı artıq. Çoxu bu barədə bizdən soruşmur, elə bir-birlərindən kopyalayıb təqdim edirdilər.
-Ölkənin hər tərəfindən fərqli insanları görürsünüz, kənd insanlarının əsas qayğıları nədir indi?
- Hər şey normal getdiyi halda kənd insanlarından ictimai-siyasi fəallıq gözləməyə ehtiyac yoxdur. Qoy insanlar dağın başında özləri üçün rahat yaşasınlar. Amma onların qayğıları bizim qayğımız olmalıdır. Əsas yaradıcılıq onlardadı. Kənd təsərrüfatı məhsulunu onlar yaradır, yediyimiz-içdiyimiz ordan gəlir.
- Bir çoxumuzdan fərqli olaraq ölkənin içini daha yaxşı görmək şansınız oldu, ümumi götürsək, xalqın mənzərəsi barədə nə deyə bilərsiniz?.
- Çox dərin bir analiz verə bilmərəm, amma şəxsi qənaətlərimə əsasən deyə bilərəm ki, kənd insanları sanki bizim müzakirələrlə, çətinliklərlə çatmaq istədiyimiz mərhələni keçib çatıblar artıq. Onlar xoşbəxt yaşayırlar özləri üçün. Təbii ki, onların problemləri həll olunsa, daha da xoşbəxt yaşayarlar. Onlar bütün bunları qəbul ediblər. Məsələn, şəhər sakini deyir ki, mənim evimdə, şəhərimdə olan şəraitdə mən yaşaya bilmərəm. Həm kənddə, həm şəhərdə olmuş insan isə bilir ki, əslində kənd yaşayışı necə olmalıdır.
Elementar bir misal: Biz hər zaman car çəkirik ki, Avropalılar hamam bilməyəndə bizdə hamam vardı. Amma bunu bilməliyik ki, Azərbaycanın böyük əksəriyyətinin hələ də kanalizasiya sistemi yoxdur. Kanalizasiya olmayan bir yaşayış məntəqəsi Qərbdə təsəvvür olunmayacaq bir şeydir. Rayon mərkəzlərinə hələ indi çəkib qurtarırlar. Kəndlərdə tullantıların idarəetmə sistemi yoxdur, yalnız Bakıda var. Kəndlərdə isə, hamı zibili evinin yanına atır, ya da yandırır. Şəkillərdə gördüyümüz o gözəl mənzərələri turistlər gəlsin deyə çəkirik, hamı yaxşı yerləri çəkir, lakin evin arxasına baxıb görürsən ki, hər tərəf zibillik.
Onların ekoloji maariflənməsi yoxdur. Elə bilirlər ki, zibili çaya atırsansa, çay yuyub aparır, bilmirlər ki, çay bu tullantını digər kəndə aparır. Mənim dediyim odur ki, biz o insanlardan heç nə gözləməli deyilik. Biz ora maraq göstərməliyik, onları maarifləndirməliyik. Baxın, Qazan xanın oğlu deyir ki, sən məni nə zaman ova apardın ki, indi deyirsən ki, niyə lalə toplayırsan? Onları nə vaxt gördük ki, indi də deyək ki, səhv edirsiniz siz.
- Getdiyinz kəndlərdə uşaqların maarifçiliyi ilə bağlı nəsə planlarınız varmı?
- Mən gedib bir kənddə uşaqlarla maraqlana, hədiyyə paylaya, öyrədə bilərəm, ancaq bu ölkəmiqyaslı bir məsələdir. Bunu etsəm belə, əsas məqsədim ictimailəşdirmək, təbliğ etmək olacaq. Mən bilirəm ki, bu əməlim dəryada bir damladır və bu damlanı təbliğ etmək lazımdır ki, hərə bir damla atsın. Deyə bilərlər ki, bu yolla özünüzü reklam edirsiniz. Bəli, bunun nəyi pisdir ki? Təki, bütün şirkətlər bu yolla özlərini reklam etsinlər.
Hərə özünü bu cür reklam etsə, gör nə qədər iş alınar. Burada əsas məsələ təbliğ etməkdir. Bizim təhsil sisteminə müdaxilə etməyə gücümüz çatmaz. Bir çox kəndlər var ki, orada məktəb yoxdur və orada məktəb təşkil etmək mümkündür. Bizim yeni layihələrimizdən biri-"Məktəb avtobusu ucqar kəndlərdə".
Məsələn orada məktəb yaşına çatan 6 uşaq var və bununla tədris müşkülləşir. Ona görə də uşaqlar qonşu kəndlərdəki məktəblərə gedirlər. Biz çalışırıq ki, bunu ictimailəşdirək. Əgər, ucqar kəndlərdə məktəb yoxdursa, bu normal bir şeydir, dünyanın bir çox ölkələrində bu belədir. İndi biz bu kəndlərdə məktəb yarada bilmiriksə, ən azından uşaqların digər qonşu kənd məktəblərinə göndərilməsini təmin etməliyik. Biz bunu nümunə olaraq, İsmayıllıda həyata keçirmişik. İsmayıllının Köhnə Daxar kəndindən Gəndov kəndinə məsafə 4 km-dən çoxdur və 450 metr hündürlük var. Kəndin biri dağın başında, digəri dərənin dibində yerləşir. Ancaq artıq bir aydan çoxdur ki, uşaqlar məktəbə avtobusla gedib-gəlirlər. Əvvəl isə onlar zaman itirirdilər, dərsə gələndə piyada 1 saat aşağı düşmək, qayıdanda isə, 2 saat yuxarı qalxmaq onları yorurdu. Bunu başqa kəndlər üçün də təbliğ edirik, ona görə ki, belə də olmalıdır. Burada əsas məsələ isə o uşaqların gedib gəlməsi idi, nəinki oxumaq. Hamı oxumalıdır deyə bir şey yoxdur ki. Ancaq təbii ki, bu problemin həlli onların təhsilinə müsbət təsir göstərəcək. Əgər, əvvəlcə həftədə 2 dəfə dərsə gedirdilərsə, artıq həftədə 5 dəfə gedəcəklər. Bu kampaniyanı davam etdiririk.