Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi: "İşçi qrupun fəaliyyəti iflic vəziyyətinə düşüb"

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi: "İşçi qrupun fəaliyyəti iflic vəziyyətinə düşüb"
10 Fevral 2017
Mətni dəyiş
Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsü üzrə QHT Koalisiyası ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
Contact.az-ın məlumatına görə, VCMK-nin bununla bağlı müraciətində deyilir:
“Koalisiyanın və onunla birlikdə Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsü üzrə QHT Koalisiyası, Azərbaycan Dövlət Neft Fondu və Beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün daxil olduğu üçtərəfli işçi qrupun fəaliyyəti, demək olar ki, iflic vəziyyətinə düşüb.
Texniki olaraq böhran demokratik seçki yolu ilə və təşkilatın nizamnaməsinə uyğun şəkildə seçilmiş çoxtərəfli qrupun işinə mane olmaq cəhdlərindən yaranır.
2017-ci il yanvarın 20-də koalisiyanın iclasında gizli səsvermə yolu ilə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Çoxtərəfli Qrupa 6 üzv (3 əsas və 3 ehtiyat) seçilib. (Qrupa hökumət, neft şirkətləri və vətəndaş cəmiyyəti nümayəndələri daxildir).
Hər il Çoxtərəfli Qrupa üzvlər katiblik tərəfindən mübahisəsiz qəbul olunurdu.
Amma fevralın 2-də Çoxtərəfli Qrupun iclasına koalisiyanın yeni üzvləri ilə yanaşı, keçmiş üzvlər Əliməmməd Nuriyev və Sabit Bağırov da dəvət olunmuşdu.
Onlar konsensusu pozaraq, iclasın gündəliyinin təsdiq olunmasına mane olublar.
Fevralın 7-də MSŞA üzrə hökumət komissiyasının sədri, ARDNF direktoru Şahmar Mövsümovun təşəbbüsü ilə koalisiyanın iclası çağırılır. Burada 160 koalisiya üzvünün təxminən 50-si iştirak edir. ARDNF-nin press-relizində deyilirdi ki, “görüşün əsas məqsədi açıq dialoq üçün şərait yaratmaq, çoxtərəfli qrupda və ümumi idarəetmədə təmsilçilik haqqında fikir ayrılıqlarının müzakirəsi üçün platforma təşkil etməkdir”.
Lakin görüşdə Çoxtərəfli Qrupun QHT Koalisiyasından qanuni olaraq seçilmiş üzvlərinin dəyişdirilməsinin və ya neytrallaşdırılmasının bünövrəsini qoymağa cəhd olunub.
VCMK bu əməlləri yolverilməz hesab edir, belə ki, vətəndaş cəmiyyətinin BMSŞA tərəfindən Azərbaycan hökuməti qarşısına qoyulmuş problemlərinin həlli üçün dialoqa başlamaq vacibdir.
VCMK tərəfləri Azərbaycanın BMSŞA təşəbbüsündə üzvlüyünün dayandırılmasına yol verməmək üçün dərhal BMSŞA-nın bu ilin martında Boqotada keçiriləcək iclasına qədər cavab tapılmalı olan məsələlərin müzakirəsinə başlamağa çağırır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun