18 Fevral 2017
Mətni dəyiş
Biləsuvar rayonu Nəsimi kənd sakini Alışov Cabir Rusiya Federasiyasından vətənə gələrkən Samur Gömrük keçid məntəqəsində başına gətirilən hadisə ilə bağlı danışıb.
Azadliq.info-ya danışan Cabir Alışov deyir ki, 2005-ci ildən Dağıstanda tikinti biznesi ilə məşğul olub və prezidentin iş adamlarına çağırışından sonra ruhlanaraq illərlə qazandığı pulu Azərbaycana gətirib istehsalla məşğul olmaq fikrinə düşüb.
Azərbaycan Resbublikasına daxil olarkən gömrük keçid məntəqəsində üzərində olan 88 min ABŞ dollarını gömrük işçilərinə təqdim edib. Ona 28 min ABŞ dolları olan qəbz təqdim edilib. Cabir Alışov həmin sənədi imzalamaqdan imtina edib. Pullar isə gömrük işçilərində qalıb. Bundan sonra məlum olub ki, ona Gömrük Komitəsinin İstintaq idarəsində cinayət işi açılıb. Amma əlində olan səs yazısını təqdim edəndən sonra bəyənnaməni düzgün təqdim etməməyi əsas gətirərək 88 min ABŞ dolları məbləğində pulunu və sənədlərini bu günə kimi özünə qaytarmırlar.
https://www.youtube.com/watch?v=42o6uxVN3aQ
Cabir Alışov hazırda 3 azyaşlı övladının Mahaçqala şəhərində qaldığını bildirir. Həm işindən, həm ailəsindən kənar qalıb. Azərbaycanda qaldığı hər saniyə üçün peşimançılıq çəkdiyini bildirən vətəndaş: “Belə hadisələri eşidən kim ölkəyə pul gətirmək istəyər?”,- deyir.
Sonda Cabir Alışov ona qarşı haqsızlığın aradan qaldırılması üçün prezidentə müraciət edərək, pulunun geri qaytarılması üçün aidiyyatı qurumlara göstəriş verilməsini xahiş edir.
Dövlət Gömrük Komitəsi isə bildirir ki, 5 yanvar 2017-ci il tarixdə saat 12:30 radələrində “Samur” gömrük postunda Rusiyadan Azərbaycana gələn Alışov Cabir idarə etdiyi “VAZ 217050” markalı avtomobilə baxış keçirilən vaxt arxa oturacağın üzərində olan gödəkçənin və idman gödəkçəsinin ciblərində gömrük orqanına bəyan etmədiyi külli miqdarda - 88000 ABŞ dolları aşkar edilib götürülüb.
Komitənin İstintaq İdarəsində CM-nin 206.1-ci maddəsi ilə cinayət işinin başlandığı bildirilib.
Cinayət işi üzrə Alışov Cabir və baxış keçirilməsində iştirak etmiş gömrük əməkdaşları dindirilib, həmçinin digər şahidlərin dairəsi müəyyən edilərək ifadələri alınıb, Cabir Alışovla gömrük əməkdaşlarının ifadələri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün üzləşdirilmələr həyata keçirilib.
İş üzrə məhkəmə kompyuter-texniki ekspertizası təyin edilərək icra edilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilib.