Şəhid ailəsindən reportaj: "İcra başçısı bizimlə düşmənçilik edir" [Foto-video]
23 Fevral 2017
Mətni dəyiş
"Yanvarın 22-si icra başçısının yanına getmişəm, Nurlanın ad günü münasibəti ilə çəkiliş edib televizorda yayınlansın. Özü də söz verdi, amma bizi aldatdı. Ayın 14-ü gözlədik çəkiliş olmadı. Bizə qarşı çox soyuq münasibət var, sanki şəhid ailəsi yox, düşmənik. Zərdab rayonun tək şəhidi idi, evin də tək oğlu idi. Biz istəyərdik heç olmasa təsəlli versin, amma əksinə davranır. Heç özümüz də səbəbini bilmirik".
Bu sözləri "Aprel döyüşləri"ndə şəhid olan Nurlan Abdullazadənin atası Rasim Abdullayev deyir. Şəhid ailəsi Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin şəhidə olan soyuq münasibətindən, verdiyi sözlərə əməl etməməsindən, onları qəbul etməməsindən şikayətlənir.
Rasim Abdullazadə övladının anadan olmasını xatırladır. Deyir ki, 93-cü ildə gedib, 96-cı ildə gəlib, Nurlan da 94-cü il fevralın 14-də dünyaya gəlib.
Şəhidin anası Afət ABdullazadə isə deyir ki, icra başçısının bu münasibəti məzarın üstünə bayraq asandan sonra yaranıb:
"Biz gözü yaşlı ola-ola qapımıza polis göndərdi ki, bayrağı ordan götürək. Bizim uşağımız Mübariz kimi vətən, bayraq üstündə şəhid olub. Bayrağı da özümüz alıb asmışdıq ora. Halbuki onu başçının özü etməliydi, amma o qapımıza qalstukluları göndərib bayrağı götürməyimizi tələb etdi. İcranın nümayəndələri, əlillər cəmiyyətinin sədri, polislər, qalstuklular gəlib dedilər ki, qanuna görə, qədim qəbirstanlıq olduğu üçün ora bayraq asmaq olmaz. Başçının sanki bizimlə düşmənçiliyi var".
Nurlan Abdullazadənin anası deyir ki, övladı bayrağa bükülüb gəlib. İcra başçısı əlaltıları ilə gedib o bayrağı çıxarıb cırdı. O adam həmin hadisədən sonra gedəndi:
"Ondan sonra gəlib maraqlanmayıb, özüm yarımcan, atası yarımcan, özü də Qarabağ veteranı. İcra başçısı yoldaşıma söz vermişdi ki, Nurlanın ad günündə çəkiliş olacaq, amma nə özü, nə də əlaltıları qəbrini də ziyarət etmədi, çəkiliş də etmədi. Bu icra başçısı şəhidi saymır. Mənim ancaq fikirləşdirim odur ki, şəhidimi uca tutsun".
Şəhid ailəsi deyir ki, icra başçısı 40 mərasimindən gedəndi, ondan sonra nə özü gəlib, nə də müavinatı ala biliblər. Ata bildirir ki, onlara heçnə lazım deyil, sadəcə xoş münasibət, şəhidin qədrinin bilinməsi lazımdı, amma əksinə, yalan vədlər verir, aldadır.
Rasim Abdullayev rayonun deputatından da danışır. Bildirir ki, deputat Jalə Əliyeva da 3 və 40 mərasimlərində iştirak edib. "Hətta evdən çıxanda mənə dedi ki, yoldaşından muğayət ol, səhhətindən gözüm su içmir, nə kömək lazım olsa xəbər edin. Sonra zəng edirəm telefonlarıma cavab vermir. Özü burda olanda şəhid anasının nə vəziyyətdə olduğunu bilirdi", - deyə o bildirib.
Şəhid anası bu münasibəti görəndən sonra oğlunun yatdığı yerdən də şübhələndiyini deyir:
"Deyirəm bəlkə dumana düşüb, yolunu itirib. İcra başçısı bu münasibəti göstərəndən sonra nə fərqi oldu? Bax burda özümüzük, bəlkə birinin ehtiyacı var? Heç nə lazım deyil, şəhidim adını uca tutsun, o bizə kifayətdi, amma onu da etmirlər. Məktəbdə beşlə oxuyan uşaq idi, imkansızlıqdan universitetə girmək istəmədi. Torpaq, vətən, qeyrət üstündə canından keçib, ancaq bu icra başçısının bu münasibəti bizi çox sarsıdır. Ata müharibə veteranı, oğul şəhid, münasibət də bu".
Nurlan Abdullazadə 14 fevral 1994-cü ildə Zərdab rayonunda anadan olub. 2012-ci ildə Zərdab rayonu Böyük Dəkkə kənd orta məktəbini bitirib. 2015-ci ildən Milli Ordu sıralarında, xüsusi təyinatlı kəşfiyyat briqadasında gizir kimi xidmət etməyə başlayıb, 2016-cı ildə 2-6 aprel döyüşləri zamanı şəhid olub.