1 Fevral 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, Rusiyadan alınan xəbərə görə Moskvada kibertəhlükəsizliyin iki yüksək rütbəli rəsmisinə qarşı dövlət xəyanəti ittihamları irəli sürülüb.
Məqalədə deyilir ki, bu xəbərin yayılmasından az əvvəl ABŞ kəşfiyyatı Rusiyanı ABŞ seçkisinə müdaxilədə və Demokratik Partiyanın serverlərinə haker hücumunda ittiham etmişdi.
Xəbərdə adı çəkilən Sergey Mixaylov Rusiya Federal Təhlükəszilik Xidməti (FTX) Təhlükəsizlik İnformasiyası Mərkəzinin direktor müavinidir. Onun həbsi barədə xəbərlər ötən həftə sızdırılmış bir neçə məlumatlarlarla dövriyyə edirdi. Bu məlumatlarda habelə onun müavininin və bir neçə başqa şəxslərin adları çəkilirdi. Lakin çərşənbə axşamı yayılan xəbər bu məsələdə bir qədər də dərinə gedib.
"Sergey Mixaylov və onun müavini Dmitri Dokuçayev öz xidməti andlarını pozaraq Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləyiblər" - deyib təhqiqatla tanış olan mənbə İnterfax agentliyinə.
"Teatrlaşdırılmış həbs"
"The Guardian" yazır ki, rəsmi sanksiya olmadan İnterfax çətin ki, belə bir məlumatı yaymağa cəsarət edəydi, hərçənd xəbərin yayılması onun doğru olduğuna dəlalət etməyə də bilər.
Bundan əvvəl Rusiya mediasında yayılmış xəbərlərdə deyilirdi ki, Mixaylov bir müddət əvvəl elə FTX-nin binasında gedən iclas zamanı teatrlaşdırımlış bir tərzdə həbs olunub. Qolları bururlub, xəyanətdə ittiham olunduğu bildirilib və otaqdan çıxarılıb.
"The Guardian" yazır ki, onun müavini Dokuçayev Rusiyada Forb ləqəbli məşhur haker kimi tanınır.
Məqalədə deyilir ki, o özünün hakerlik fəaliyyətinə görə həbsxanaya salınmaması üçün bir neçə il əvvəl FTX-də işləməyə razı olub.
FTX zabitləri ilə yanaşı Moskvadakı Kasperski Laboratoriyası adlı kibertəhlükəsizlik firmasında kompüter insidentləri bölümünün rəisi işləyən Ruslan Stoyanov da həbs edilib.
Interfax xəbər verir ki, bunlardan başqa daha dörd nəfər həbs olunub və daha səkkiz nəfər şahid qismində dindirilir.
Dövlət xəyanəti ittihamlı məhkəmələr qapalı keçirilir və Dokuşayevlə Mixaylovu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
FTX-də nəsə baş verir
"The Guardian" qəzetinin gəldiyi nəticəyə görə Rusiyada sözü gedən şəxslərə qarşı xəyanət ittihamlarının irəli sürülməsi ilə ABŞ seçkisinə və Demokratik Partiyanın serverlərinə haker müdaxiləsi arasındakı vaxt fasiləsi o qədər qısadır ki, həbslərin ABŞ seçkisi ilə bağlı olmadığına inanmaq çətindir.
Ötən həftə New York Times qəzeti hazırda vəzifədə olan ABŞ rəsmilərindən birinə istinadən yazırdı ki, ABŞ hakimiyyət orqanları haker hücumunun arxasında Rusiyanın dayandığı barədə informasiyanın alınmasında insan kəşfiyyat mənbəyinin rol oynadığını söyləyirlər.
"The Guardian" yazır ki, ABŞ kəşfiyyatının hesabatında gəlinmiş nəticələrin mənbəyindən əsas etibarilə söhbət getmir. Burdan belə nəticəyə də gəlmək olar ki, hesabatın mənbəyinin rusiyalılar olduğu təqdirdə ABŞ tərəfi təbii olaraq belə də etməli, mənbələri ictimailəşdirməməliydi.
Məqalədə deyilir ki, həbslər barədə informasiyaların yarımçıq və çətin deşifrə edilən parçalarla gəlməsi FTX-nin daxilində nə isə qəribə hadisənin yer aldığını söyləməyə əsas verir.
Rusiyada həssas informasiyaların sızdırılması nadir hallarda baş versə də, bu həbslər barədə xəbərləri bir neçə media qurumu yayıb. Belə təəssürat yaranır ki, ya kimsə səliqə ilə rəndələnmiş məlumatları sızdırır, ya da müxtəlif hakimiyyət mərkəzləri arasında güc çəkişməsi gedir.
Sızma xəbərlərin əksəriyyətində Kreml rəsmilərinə aid e-mailləri faş etməklə ad çıxarmış Şaltay-Boltay haker qrupundan söz gedir. Belə güman edilir ki, bu qrupun başçısı olduğu deyilən keçmiş jurnalist Vladimir Anikeyev də həbs olunanların arasındadır.
Güllü köynəkli kişi
2014-cü ildə "The Guardian" qəzetinin müxbiri Şaltay-Boltay qrupunun nümayəndələri ilə Rusiyanın xaricində yerləşən bir şəhərdə görüşüblər. Qrupun qoyduğu şərtə görə nə həmin şəhərin adı, nə də görüşə gələn qrup nümayəndələrinin xarici görünüşü açıqlanmamalıydı.
"The Guardian" yazır ki, bu görüş Avropa paytaxtlarından birinin ətrafında yerləşən qayıqçılıq klubunda baş tutub. Əynində güllü köynək olan bir kişi kateri çayın ortasına sürərək, orada musiqinin səsini ucaldıb və bundan sonra danışmağa başlayıb.
Özünü yalnız Şaltay adı ilə təqdim edən bu şəxs "The Guardian" qəzetinə deyib ki, qrup hakerlərdən və ola bisin vəzifədən atılmış rəsmilərdən ibarətdir və gələcəkdə yayılması mümkün geniş material arxivinə malikdir.
Bu şəxs iddia edib ki, sözü gedən materialların arasında hətta Vladimir Putinin yediyi xörəklərin menyusu və prezidentin yaxın çevrəsinə daxil şəxslərə aid minlərlə elektron məktub var.
Buna sübut kimi həmin şəxs noutbukunu açıb və orada Kremlin əsas fiqurlarından birinə aid e-maillərə bənzəyən siyahını göstərib. O deyib ki, qrup bu informasiyanı almağa hazır olan müştəri axtarır.
"Əjdaha başı"
"The Guardian" yazır ki, Mixaylovun Şaltay-Boltaydakı iddia edilən rolu dumanlıdır. Başqa bir kəşfiyyat mənbəyi İnterfax agentliyinə iddia olunan prosesi belə izah edib: "Bu işdə adı keçənlərin hər birinin öz işi vardı. Bəziləri kiberhücumları həyata keçirir, bir başqaları isə xarici kəşfiyyat xidmətləri üçün işləyirdilər".
Bəziləri inanırlar ki, Şaltay-Boltay informasiyanı Qərb kəşfiyyatına ötürə bilərdi, digərləri isə bu fikirdədirlər ki, bu qrupun adının hallandırılması əsl haker hadisəsindən diqqəti yayındırılması üçün ortalığa atılımış "əjdaha başı" məsələsidir.
Rusiyada internet və kibertəhlükəsizliyə aid kitabı bu yaxınlarda çap olunmuş Andrey Soldatov "The Guardian" qəzetinə deyib ki, Mixaylov və Stoyanov Şaltay-Boltayın yaydığı informasiyaya bənzər məlumatlarla məşğul olmayıblar. Buna görə də xəyanət ittihamları doğrudursa, söhbət böyük bir ehtimalla Demokratik Partiyaya haker hücumu etmiş qeyri-rəsmi şəxslərə aid informasiyanın ötürülməsindən gedir.
Ötən çərşənbə axşamı günü kəşfiyyat xidmətlərinə yaxınlığı ilə tanınan Life portalı xəbər verib ki, FTX xəfiyyələri Mixaylovun evində və daçasında axtarış aparıblar və müxtəlif gizlənc yerlərindən 12 milyon dollar nəqd pul tapılıb.