20 Fevral 2017
Mətni dəyiş
Qarabağ veteranı Cəmşid Rzaquliyev Səhiyyə, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinə, Dövlət Sosial Müdafiə Fonduna və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Təşkilatına ərizə ilə müraciət edib.
Məcburi köçkün və Qarabağ müharibəsi veteranı Rzaquliyev Cəmşid Yusif oğlu bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyini, lakin heç bir qurumun onunla maraqlanmadığını və dövlət dəstəyindən kənar qaldığını deyir.
"Mən, Rzaguliyev Cəmşid Yusif oğlu, 1974-cü il, 28 Sentyabr tarixində Zəngilan rayonunun Vejnəli kəndində anadan olmuşam. 18 yaşından müharibəyə könüllü getmişəm. Məcburi köçkün və Qarabağ müharibəsi veteranıyam. Ağdam və Ağdərə döyüşlərində fəal iştirakçısıyam. Bədənimdə indiyə qədər qəlpələr var. Vətəni qorumuşam, amma indi qoruduğum dövlət məni tam unudub" -deyə Qarabağ veteranı yazıb.
Onun sözlərinə görə, dəfələrlə müxtəlif xəstəxanalara müraciət etməsinə baxmayaraq, heç bir yerdə keyfiyyətli tibbi müayinə və müalicə ala bilmədiyini bildirib:
"Müharibədə səhhətimdə yaranmış problemlər indiyə qədər davam edir və getdikcə pisləşir. Hal-hazırda, beyinin sağ qabığının quruması, Bronxial Astma, Ağ ciyərlərdə xışıltı, Mədədə xora və Öd kisəsində genişlənmədən əziyyət çəkirəm. Bütün dişlərim tökülüb.
Düşdüyüm vəziyyət mənə işləməyə imkan vermir. Dövlətdən aldığım 70 azn isə nə yeməyə nə də dərmanlara bəs edir. Günlərlə ac qalıram, daimi ağrı içindəyəm və heç bir qurum mənimlə maraqlanmır. Bütün dişlərim tökülüb və yaranmış stress və sinir xəstəliyi nəticəsində yata bilmirəm".
Qarabağ veteranı ona kömək edəcək kimsəsi olmadığı üçün ümidini dövlətə bağladığını da qeyd edib:
"Bir veteran və bir Azərbaycan vətəndaşı kimi mənim haqqım olduğu tibbi müalicəni tələb edirəm. Aidiyyəti olan qurumlardan tələbim odur ki, mənim işimə baxıb kompleksli müalicəm ilə məşğul olsunlar.
Mən təkəm, qayğıma qalan qohumlarım yoxdur. Yeganə ümidim bütövlüyü uğrunda qan tökdüyüm dövlətədir. Artıq neçə gün sağ qalacağımı bilmirəm.
Telefon: +994 77 538 65 45
Ünvan: Keçmiş Dənizçilər Yataqxanası Mənzil 45, İnşaatçılar prospekti 5. Bakı, Azərbaycan".