Məcburi köçkünlərdən etiraz: "Prezidentin qərarını saymırsınız?"

Məcburi köçkünlərdən etiraz: "Prezidentin qərarını saymırsınız?"
16 Fevral 2017
Mətni dəyiş
Bu gün, fevralın 16-da Nizami rayonunda məskunlaşan məcburi köçkünlərin etiraz aksiyası keçirdikləri bildirilir. Səbəb yenə də sayğacların quraşdırılması göstərilir.
Bu haqda Nizami rayonu Mehdi Abbasov küçəsindəki uşaq bağçalarından birində məskunlaşan məcburi köçkünlərdən Əfqan Ağamalıyev məlumat verib.
"Azadlıq Radiosu" xəbər verir ki, onun sözlərinə görə, bu gün (16 fevral) səhər saatlarında uşaq bağçasına “Azərişıq” ASC-nin regional idarəsindən nümayəndələr gəliblər. Onlar məskunlaşanlara xəbər etmədən sayğac quraşdırmaq istəyiblər.
Bundan xəbər tutan məcburi köçkünlər etiraza başlayıblar.
“Cənab prezident qərar vermişdi ki, sayğac quraşdırılsın. Sonra gördü ki, məcburi köçkünlər bundan ziyan çəkəcək, qərarını dəyişdi. İndi niyə gəlmisiniz bura? Prezidentin qərarını saymırsınız?”, deyə məcburi köçkünlər işıq idarəsi nümayəndələrinə sual ediblər.
Köçkünlərin deməsinə görə, özünü təqdim etməyən rəsmilər isə qərardan xəbərsiz olduqlarını deyiblər.
Rəsmilər sayğac quraşdırılması qərarı barədə danışmayıblar. Onlar sadəcə, sayğacların icra hakimiyyətinin qərarı ilə quraşdırılmalı olduğunu deyiblər.
Etirazların sonunda “Azərişıq” ASC-nin nümayəndələri ərazini tərk ediblər.
Məsələyə, hələlik, “Azərişıq” ASC-dən və Nizami rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun