15 Fevral 2017
Mətni dəyiş
“Azadlıq.info” saytının Biləsuvardakı regional əməkdaşı Ziya Əsədlinin təqiblə üzləşdiyi bildirilir.
Abzas.net xəbər verir ki, bu haqda həmin saytın özü xəbər yayıb.
Xəbərə görə, hələ 2016-cı ilin noyabr ayında Bakıya gələrkən onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq sorğu-sual ediblər.
İndi isə təqiblərin Biləsuvar rayonunda davam etdirildiyi bildirilir.
Z. Əsədli sabiq hərbçidir. Hərbi qulluqda olduğu zaman ümumi qaydada iki otaqlı mənzil alıb: “İndi yerli hakimiyyət orqanları ona qarşı iddia irəli sürürlər. Guya o zaman bu ev veriləndə hansısa qanun pozuntuları olub. Baxmayaraq ki, heç bir qayda və qanun pozuntusundan söhbət gedə bilməz”.- deyə saytın xəbərində qeyd edilir.
Jurnalistin təzyiqlərə məruz qalması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və yerli hakimiyyət orqanlarından münasibət almaq mümkün olmayıb.