3 Fevral 2017
Mətni dəyiş
Hüquq müdafiəçisi Oqtay Gülalıyev izləndiyi barədə məlumat yayıb.
“Hər gün tanımadığım mülki geyimli şəxslər məni və evimi müşayiət edir, izləyirlər. Yəqin onlar məni yad təsirlərdən, arzuolunmaz kənar hücumlardan “qorumaq” istəyirlər”, deyə hüquq müdafiəçisi zarafat elə qeyd edib.
"Azadlıq Radiosu"-nun məlumatına görə, o, izlənməsinin yanvarın 24-dən - “Müsəlman Birliyi” Hərəkatının həbsdəki rəhbəri Taleh Bağırovun tərəfdarlarından olan Əhsən Nuruzadədən əleyhinə ifadə alınmasına cəhd edilməsindən sonra daha da intensivləşdiyini bildirib.
“Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 2012-ci ilin iyunundan haqqımda olan həbs qəti imkan tədbiri polis nəzarəti altına vermə qəti imkan tədbiri ilə əvəzlənib. Əvvəllər izlənməyimi məhkəmənin qərarına uyğun qəbul edirdim. Artıq həmin qərar ləğv olunub. Amma izləmə intensivləşib”, hüquq müdafiəçisi deyib.
O.Gülalıyev sonda qeyd edib ki, izlənməsinə baxmayaraq qanunsuz həbs olunmuş, hüququ tapdanmış insanları müdafiə etmək işindən geri çəkilmək fikri yoxdur. O, izlənməsini hüquq müdafiəçisi kimi fəaliyyəti ilə izah edir.
Hüququ müdafiəçisinin bu açıqlamasına, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.