Baş həkim: "Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib"

Baş həkim: "Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib"
24 Fevral 2017
Mətni dəyiş
"Bizim səhiyyəmiz çox inkişaf edib. Mükəmməl həkim personalı, təmin olunmuş avadanlıq var. Son 12 ildə Azərbaycan səhiyyəsi sıçrayışla inkişaf edib. Kim bunun əksini desə, demək ya kordur, ya da məqsədli deyir. Bizim səhiyyəmiz çox ölkələrin səhiyəsindən irəlidədir".
Abzas.net xəbər verir ki, bunu Sputnik-ə müsahibəsində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Baş həkimin sözlərinə görə, Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib:
"Rusun bir sözü var “biz harada yoxuqsa, ora yaxşıdır”. Mənim övladım Almaniyada həkim işləyir. Mən onunla hər gün skypla danışıram. Biz təriflədiyimiz alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etsək, mən deyərəm ki, Azərbaycan səhiyyəsi qat-qat inkişaf edib. Onun oradakı hərəkətlərinə, danışdıqlarına fikir verəndə görürəm ki, haqlıyam. O, Türkiyədə təcrübə keçib, hazırda Almaniyada işləyir. Mən qonşu ölkələrin səhiyyəsinə pisləyə bilmərəm. Bu həkim etikası qaydalarına sığmayan bir iş olar. Hər halda həmkarıq. Bircə onu deyə bilərəm ki, ora gedib qayıdan xəstələr yenidən bizə müraciət edir.
Azərbaycanda bütün cərrahi əməliyyatlar aparılır. Bizim də aparıcı mütəxəssislərimiz var. Gedib xarici ölkələrdə öyrənib, gəlirlər. Bununla yanaşı xarici ölkə vətəndaşları var ki, müalicə üçün bizə müraciət edirlər".
Rauf Nağıyev tibb işçilərinə edilən təzyiqlərdən də danışıb:
"Biz hər bir hala hazırıq. Dəfələrlə olub ki, bizim həkim və tibb bacılarımız təzyiqlə qarşılaşıb. Düzdür, biz bu hallarda hüquq mühafizə orqanlarına müraciət edirik. Amma çox zaman insanların vəziyyətini başa düşüb bizə qarşı edilən təzyiqlərə görə onları bağışlayırıq".
Rauf Nağıyev vətəndaşlardan anlayış gözlədiyini bildirib. Onun sözlərinə görə, təcili yardım xidməti heç də ucuz başa gəlmir:
"Bəzən bizə deyirlər ki, briqadaların sayını artırın. Düzdür, təcili yardım xidməti əhali üçün pulsuzdur, amma dövlət üçün bu heç də ucuz başa gəlmir. Devalivasiyadan öncə bir çağırışın qiyməti orta hesabla 100 manatdan artıq idi. Bura ayrılmış dərman vəsaitlərinin qiyməti, həkimin maaşı, onun geyimi, nəqliyyat vasitəsinin saxlanması, onun yanacağı, təmiri, bizim fəaliyət göstərdimiz binalar, onların təmiri, sertifikatlaşma, avadanlıqların təmiri aiddir. Hamısı dövlət hesabından ayrılmış vəsaitdir. Vətəndaş bilməlidir ki, öz düzgün olmayan hərəkəti ilə dövlət büdcəsinə zərər verir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun