10 Fevral 2017
Mətni dəyiş
Avropa Məhkəməsi mülkiyyət hüquqlarının pozuntusu ilə bağlı daha 4 iş üzrə kommunikasiyaya başlayıb.
Bunu vəkil Fariz Namazlı sosial şəbəkədəki səhifəsində yazıb. Vəkil bildirib ki, söhbət Neftçilər prospektində evləri onların iradəsinə zidd olaraq sökülən vətəndaşlardan gedir.
“Bakı şəhər İcra Hakimiyyətinin 2010-cu ildə imzaladığı Ticarət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamı əsasında Bakı şəhəri, Neftçilər prospektində Ticarət mərkəzinin tikintisi ilə bağlı evlərin vətəndaşlardan kv.m-nə 1500-2000 manat verilməsi nəzərdə tutulmuşdur. Bəzi sakinlər buna razılaşsa da, ərizəçiləri razılaşmadı. Nəticədə məhkəmə qərarı olmadan evlər tikinti şirkəti tərəfindən söküldü”, vəkil qeyd edib.
Onun sözlərinə görə, Avropa Məhkəməsi Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırılması hüququ, əsaslandırılmış məhkəmə qərarının alınması), 1 saylı Protokolun 1-ci maddəsinin (söküntünün ictimai maraqlara uyğun həyata keçirilib keçirilməməsi), 8-ci maddənin (mənzilə hörmət hüququnun pozuntusu) pozuntusunun olub-olmaması ilə bağlı hökümətə suallar ünvanlayıb.